
Müasir beynəlxalq münasibətlər sistemində strateji tərəfdaşlıq münasibətləri yalnız ikitərəfli əlaqələrin inkişafı deyil, daha geniş regional və qlobal proseslərin idarə olunması baxımından mühüm rola malikdir. Bu kontekstdə Azərbaycanla Amerika Birləşmiş Ştatları arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması üzrə Strateji İşçi Qrupunun onlayn formatda və tam tərkibdə keçirilən ilk iclası diqqəti xüsusilə cəlb edir.
Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyevin bu ilin avqust ayında ABŞ-yə səfəri zamanı Vaşinqtonda imzalanan mühüm sənədlərdən biri də “Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında Anlaşma Memorandumu” olub. Bu xüsusda növbəti 6 ay ərzində ikitərəfli əməkdaşlığın əsas istiqamətlərini müəyyən edəcək Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması nəzərdə tutulur. Strateji İşçi Qrupunun prioritet sahələri enerji, ticarət və regional bağlantılar; rəqəmsal infrastruktur və süni intellekt; müdafiə, təhlükəsizlik və terrorla mübarizə və digər qarşılıqlı maraq doğuran sahələrdir.
Qeyd edilən razılaşma Azərbaycan və ABŞ-nin ikitərəfli əlaqələri strateji tərəfdaşlıq istiqamətində inkişaf etdirmək niyyətini nümayiş etdirir. Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması istiqamətində atılan ilkin addımlar ölkələrimiz arasında münasibətlərin yeni mərhələyə keçdiyini təsdiqləməklə yanaşı, ABŞ-da Cənubi Qafqazın geosiyasi və iqtisadi gələcəyinə dair konseptual baxışın formalaşdığını göstərir.
Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması üzrə Strateji İşçi Qrupunun ilk iclası dəyişən beynəlxalq münasibətlər sistemində tərəflərin bir-birinə verdiyi dəyərin göstəricisidir. Bu, eyni zamanda, ABŞ-nin Cənubi Qafqaz siyasətində Azərbaycanın aparıcı roluna xüsusi əhəmiyyət verdiyini deməyə əsas verir.
Azərbaycan bu gün regionda sülh və regional əməkdaşlıq təşəbbüsləri ilə çıxış edən, sabitlik yaradan, müstəqil qərar qəbul edən və beynəlxalq öhdəliklərinə sadiq tərəfdaş kimi çıxış edir. ABŞ ölkəmizin maraqlarını nəzərə almadan Cənubi Qafqazda sülhün, sabitliyin və regional əməkdaşlığın mümkünsüzlüyü reallığını qəbul edir. Co Bayden Administrasiyasının səhvlərini təkrarlamayan Prezident Donald Tramp və onun komandası ölkəmizin son beş ildə regionda yaratdığı yeni geosiyasi reallığı da birmənalı qəbul edir.
Avqustun 8-də ABŞ Prezidentinin yaxından iştirakı ilə Azərbaycanla Ermənistan arasında Yekun Sülh Sazişinin paraflanması, Zəngəzur Dəhlizi –“Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) layihəsinin reallaşdırılmasına dair əldə edilmiş tarixi razılaşma Bakı-Vaşinqton münasibətlərində ciddi irəliləyişə rəvac verib. Vaşinqton üçün bu layihə yalnız regional nəqliyyat xətti deyil. ABŞ uzun müddətdir ki, Avrasiya məkanında açıq, təhlükəsiz və şaxələndirilmiş nəqliyyat-kommunikasiya xətlərinin formalaşmasını dəstəkləyir.
Zəngəzur dəhlizinin açılması ABŞ üçün bir neçə istiqamətdə əhəmiyyət kəsb edir. Layihənin ilk növbədə, regionda iqtisadi inteqrasiyanı gücləndirəcəyi, ticarət dövriyyəsinin artmasına və çoxşaxəli əməkdaşlığın dərinləşməsinə şərait yaradacağı şübhəsizdir. Rəsmi Vaşinqton hesab edir ki, iqtisadi bağlılıq nə qədər güclü olarsa, siyasi qarşıdurma və təhlükəsizlik riskləri bir o qədər azalar. Bu kontekstdə Zəngəzur dəhlizi Cənubi Qafqazda uzunmüddətli sabitliyin təməlini möhkəmləndirəcək mühüm təhlükəsizlik və etimad alət kimi dəyərləndirilir. Layihə postünaqişə dövründə normallaşma və etimad quruculuğu prosesinin mühüm elementinə çevrilib.
Digər tərəfdən, ABŞ üçün bu dəhliz enerji və ticarət marşrutlarının şaxələndirilməsi baxımından önəmlidir. Zəngəzur dəhlizi Orta Asiyanın resurs və məhsullarının daha qısa, təhlükəsiz marşrutlarla Qərb bazarlarına çıxışını, bununla da ABŞ-ın regiondakı iqtisadi maraqlarını təmin edə bilər. Bu marşrutun Azərbaycanın təşəbbüsü və maraqları əsasında reallaşması isə Vaşinqton üçün etibarlı tərəfdaşla işləmək imkanı yaradır.
Enerji sahəsində əməkdaşlıq ölkələrimiz arasında münasibətlərin tarixi əsasını təşkil etsə də, bu gün onun məzmunu əhəmiyyətli dərəcədə dəyişib. Azərbaycan hazırda ənənəvi karbohidrogen ixracı ilə yanaşı, yaşıl enerji istehsalçısı kimi də Avropanın enerji təhlükəsizliyinə təhvə verməyə çalışır. ABŞ-nin enerji keçidi və iqlim gündəliyi çərçivəsində ölkəmizlə əməkdaşlığı dərinləşdirməsi tərəflər arasında maraqların üst-üstə düşdüyünü göstərir.
Müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlıq ikitərəfli münasibətlərin ən həssas, eyni zamanda vacib istiqamətlərindəndir. Azərbaycan beynəlxalq sülhməramlı missiyalarda iştirakı və terrorizmə qarşı mübarizədə prinsipial mövqeyi ilə fərqlənir. ABŞ-la bu sahədə əməkdaşlığın dərinləşdirilməsi regional risklərin azaldılması, sərhəd təhlükəsizliyinin gücləndirilməsi və qlobal təhdidlərə qarşı birgə mexanizmlərin qurulması baxımından mühüm əhəmiyyət daşıyır.
Süni intellekt və rəqəmsal infrastruktur sahəsində əməkdaşlıq isə strateji tərəfdaşlığın gələcəyə yönəlmiş mühüm istiqmətlərindən biri kimi çıxış edir. Qlobal miqyasda texnoloji rəqabətin artdığı bir şəraitdə süni intellekt yalnız iqtisadi deyil, həm də təhlükəsizlik və idarəetmə aləti kimi ön plana çıxır. ABŞ bu sahədə dünyanın aparıcı mərkəzlərindən biri olaraq, texnoloji bilik və innovasiya təcrübəsini bölüşmək imkanına malikdir. Azərbaycan isə rəqəmsal transformasiya, dövlət xidmətlərinin elektronlaşdırılması və data idarəçiliyi sahələrində sürətli inkişaf mərhələsindədir. ABŞ təcrübəsinin öyrənilərək tətbiqi süni intellekt texnologiyalarının real sektor, müdafiə, logistika və təhlükəsizlik sahələrində istifadəsinə geniş perspektivlər açacaq.
Strateji Tərəfdaşlıq Xartiyasının mətni ətrafında aparılan müzakirələrin intensivləşməsi göstərir ki, tərəflər sənədi bu prosesi formal diplomatik addım kimi deyil, konkret nəticələr doğuracaq yol xəritəsi kimi qəbul edirlər. Hazırlanacaq və təsdiq ediləcək sənəd iki ölkənin münasibətlərini yeni səviyyəyə yüksəldərək həm regional sabitliyə, həm də qlobal əməkdaşlıq gündəliyinə mühüm töhfə verə bilər.
MTM Analitik Qrup
