ABŞ-IN  SANKSİYALAR SİYASƏTİ BUMERANQ EFFEKTİ VERİR, VAŞİNQTONUN İKİÜZLÜLÜYÜNÜ DÜNYA BOYU İFŞA EDİR

ABŞ başda olmaqla Qərb ölkələrinin bir çoxunun sanksiyalar siyasəti beynəlxalq münasibətlər sistemində yeniliklərə yol açmaqla yanaşı, artıq bəzi hallarda bumeranq effekti ilə müşayiət olunmaqdadır. Aparılan təhlillər göstərir ki, barəsində bəhs olunan sanksiyalar artıq uzun müddətdir ki, müxtəlif geosiyasi, iqtisadi məqsədlərə nail olmaq, bəzən isə digər ölkələrinin suverenliyini məhdudlaşdırmaq məqsədi ilə istifadə olunur. Hazırda Qərb, o cümlədən ABŞ sanksiyaları iqtisadi məhdudiyyətlər, aktivlərin dondurulması, ticarət maneələri, səyahət və yardım qadağaları formasında özünü daha qabarıq şəkildə büruzə verir. Belə qəbildən olan sanksiyalar son onilliklərdə, xüsusən də “Soyuq müharibə” başa çatdıqdan sonra ABŞ diplomatiyasının getdikcə ən çox istifadə etdiyi vasitəyə çevrilib.

Qeyd edilməlidir ki, ABŞ-ın sanksiyalar siyasətindən istifadə etməsi zamanla daha geniş hal alıb. Hələ “Soyuq müharibə” dövründə ABŞ və SSRİ arasında daha geniş geosiyasi mübarizənin bir hissəsi kimi kommunist bloku ölkələrinə Vaşinqton tərəfindən tez-tez sanksiyalar tətbiq edilirdi. Bu sanksiyalar qlobal miqyasda  kommunizm təsirini zəiflətmək üçün həm hökumətləri, həm də iqtisadiyyatları hədəf alırdı. Kubaya qarşı ilk dəfə 1960-cı illərin əvvəllərində tətbiq edilən və bu gün də qüvvədə olan embarqo ABŞ-ın iqtisadi sanksiyalarının ən uzunmüddətli nümunələrindən biridir. Hazırda bu sanksiyalar daha çox sadə Kuba xalqına zərər vurur, lakin yenə də ABŞ onların ləğvinə tələsmir.

“Soyuq müharibə” başa çatdıqdan sonra ABŞ sanksiyalarının tətbiqində ideoloji faktorlar aradan qalxmağa başladı. Amerika rəsmiləri insan hüquqları, nüvə silahının yayılması və terrorizmlə bağlı məqamları sanksiyaların tətbiqində əsas zəmin olaraq ön plana çıxardıqlarını bəyan etdilər. Elə bu kontekstdə də ABŞ sanksiyalarının əslində, qarşıya qoyulan məqsədlərdən daha çox konkret istəklər naminə təsir və təzyiq aləti kimi özünü büruzə verməyə başladı. Daha bir maraqlı məqam ondan ibarət oldu ki, sanksiyaların hədəf və coğrafiyası da sürətlə genişləndi. Ümumiyyətlə, indiki əsrin əvvəllərindən etibarən ABŞ  xarici siyasət strategiyasının bir hissəsi kimi sanksiyalardan getdikcə daha çox istifadə edir.

Bundan əlavə sanksiyaların tətbiqi üçün ABŞ-da yeni əsasların yaradıldığı da diqqətdən yayınmır. Məsələn, son illərdə ABŞ kiberhücumlara və seçkilərə müdaxilə kimi məsələləri əsas gətirirək, bir sıra ölkələrə sanksiyalar tətbiq edib. Qonşu Rusiya bu kontekstdə əyani misal kimi göstərilə bilər. Sanksiyalardan istifadə edərkən, ABŞ-ın tamamilə ədalətsiz mövqedən çıxış etməsi halları da kifayət qədərdir. Bunun ən əyani nümunəsi qismində 1992-ci ilin oktyabrında ABŞ Konqresi tərəfindən keçmiş sovet respublikalarına dövlət yardımını tənzimləyən “Azadlığı Müdafiə Aktı” adlı qanunun 907-ci bölməsinə edilən düzəlişi göstərmək olar. Sözügedən düzəliş ABŞ hökumətinin Azərbaycanın rəsmi strukturlarına yardım göstərməsini qadağan edir.

Həmin vaxt ABŞ Konqresində “Azadlığı Müdafiə Aktı”na belə bir düzəliş edilməsi onunla əsaslandırılırdı ki, guya Azərbaycan Qarabağda yaşayan ermənilərə qarşı zorakılıq tətbiq edir, münaqişədə olduğu Ermənistanı blokadada saxlayır. Halbuki, məhz Ermənistan Azərbaycan ərazilərinin o vaxt işğalını həyata keçirir, etnik-milli zəmində qətliamlar törədir, çoxsalı müharibə cinayətlərinə yol verirdi. Çoxsaylı məlumat mənbələrinə malik olan ABŞ rəsmiləri bütün bunlardan xəbərdar olmamış deyildilər. Amma yenə də ədalətsizliyə yol verərək, Azərbaycana qarşı sanksiyalar tətbiq etdilər. Təbii ki, bu, həmin dövrdə  yeni müstəqillik qazanan, əraziləri işğal altında olan Azərbaycan qarşısında duran problemlərin miqyasını daha da genişləndirirdi. Yalnız 11 sentyabr 2001-ci il hadisələrindən sonra ABŞ öz maraqları naminə 907-ci düzəlişin qüvvəsinin müvəqqəti dayandırılmasına qərar verdi.  O vaxt  Azərbaycanın antiterror koalisiyasına qoşularaq ABŞ-ın Əfqanıstanda keçirdiyi hərbi əməliyyatlarda bu ölkənin təyyarələrinə öz hava ərazilərindən istifadəyə icazə verməsi prosesdə əsas rol oynadı. Həmin dövrdə ABŞ prezidenti olan Corc Buş 2002-ci ilin yanvarında 907-ci düzəlişin qüvvəsinin müvəqqəti dayandırılması haqqında qərar verdi. Ondan sonra hər il bu düzəlişin müvəqqəti dayandırılması həyata keçirildi. Ancaq 2021-ci ildə ABŞ Əfqanıstanı biabırçı şəkildə tərk etdikdən sonra 907-ci düzəliş yenidən “yada düşdü”, çünki daha Azərbaycanın hava məkanından istifadəyə ehtiyac qalmamışdı. Bu hal ABŞ ikiüzlülüyünün, ədalətsizliyinin nümunələrindən sadəcə, biridir.  

ABŞ-ın iddiasına əsasən, sanksiyalar dəyişiklik gətirmək üçün nəzərdə tutulsa da, onların effektivliyi də getdikcə daha çox sual doğurur. Məsələn, İran, Şimali Koreya kimi ölkələr onilliklər boyu tətbiq olunan ABŞ sanksiyalarına baxmayaraq, nüvə proqramlarını inkişaf etdirirlər. Üstəlik, sanksiyalar çox vaxt hədəf ölkələrin əhalisi üçün mənfi nəticələrə səbəb olur. İqtisadi sanksiyalar əsas malların çatışmazlığına, inflyasiyaya və yoxsulluğa gətirib çıxarır. Məsələn, Venesuela və İraq kimi ölkələrə qarşı geniş sanksiyalar istənilən nəticələrə nail olmadan humanitar böhranları kəskinləşdirərək iqtisadi çöküşə yol açdı.

Hazırda sanksiyalar siyasəti ABŞ-ın özünə də getdikcə daha çox mənfi rakursda təsir edir. Artıq birmənalı həqiqətdir ki, ABŞ hakimiyyətinin sanksiya siyasəti dollara və Amerika iqtisadiyyatına inamın itməsinə səbəb olub.  Belə hal ABŞ-ın qlobal mövqeyini zəiflədir. Bundan başqa, sanksiyalar nəinki gözlənilən effekti vermir, həm də onun təsirlərinə məruz qalanların birləşməsinə gətirib çıxarır.  Elə bu fonda indiki çoxqütblü dünyanın bir çox dövləti ABŞ hegemonluğunun hədə-qorxu və riyakarlıqla dəstəkləndiyini də qəbul edirlər.  Dünya ölkələri ABŞ-ın Ermənistan-Azərbaycan münaqişəsi,  Qəzza və Ukraynadakı hadisələrə münasibətində bunu daha yaxşı görürlər. O səbəbdən sanksiyalar siyasətindən imtina mühüm zərurət kimi çıxış edir, dünya ölkələrinin, o cümlədən Azərbaycanın yanaşması da bu istiqamətdədir. Prezident İlham Əliyev Rusiyanın “Rossiya-1” televiziya kanalına müsahibəsində bu xüsusda bildirib ki, sanksiyalar siyasətinin mövcud olmasına lüzum yoxdur, xüsusilə də bu sanksiyalar qeyri-qanuni olduqda və tamamilə əsassız və selektiv şəkildə tətbiq edildikdə: “Ona görə də biz istənilən sanksiyalara qəti şəkildə qarşıyıq və hesab edirəm ki, beynəlxalq ictimaiyyət öz mövqeyini vahid qaydada bildirməlidir. Biz milli səviyyədə özümüzə qarşı, həm də təkcə bizə deyil, tətbiq olunan bütün sanksiyalara münasibətdə bu mövqeyi ifadə edirik”. Hesab olunur ki, qlobal geosiyasi dəyişikliklər fonunda ABŞ-ın  sanksiyalar siyasəti daha çox iflasa uğrayacaq.

MTM Analitik Qrup