ABŞ-IN MÜƏYYƏN RƏSMİ DAİRƏLƏRİNİN ÖLKƏMİZƏ QARŞI QƏRƏZLİ İDDİALARI REALLIĞI ƏKS ETDİRMİR

ABŞ Konqresinin Tom Lantos İnsan Hüquqları Komissiyasında “Dağlıq Qarabağın süqutundan sonra Azərbaycanda insan hüquqları” adlı məkrli dinləmənin keçirilməsi, keçmiş separatçı rejimin nümayəndələrinin bu dinləmələrdə iştirakı və ölkəmizə qarşı əsassız ittihamların səsləndirilməsi bu ölkənin bəzi hakim dairələrinin regiondakı yeni geosiyasi reallıqlarla barışa bilməməsinin göstəricisidir. Erməni lobbisinin təsiri altında olan USAİD təşkilatının, eləcə də bəzi konqresmenlərin məqsədi regiondakı vəziyyəti təhrif etmək, Azərbaycana təzyiqlərə nail olmaqdır.
İkitərəfli münasibətlərin strateji tərəfdaşlıq səviyyəsində inkişafı fonunda Azərbaycan ABŞ konqresinin bu qərəzli davranışlarını ikitərəfli əlaqələrin xarakteri, ümumən regionda sülh və sabitliyin təmini baxımından zərərli hesab edir. Belə addımlar Ermənistandakı revanşist qüvvələrdə sadəlövh ümidlər yaradır, eyni zamanda, rəsmi İrəvanın yekun sülh sazişi ilə əlaqədar qətiyyətli addımlarına mane olur.
Keçmiş postsovet məkanında – Gürcüstan, Moldova, Ukrayna və Azərbaycan ərazisində baş qaldırmış münaqişələrin əsasında digər dövlətlərin etnik separatçılıq zəminində ərazi ilhaqı məqsədi dayansa da, ABŞ-da müəyyən hakim siyasi dairələr Qarabağ məsələsinə münasibətdə daim “ikili standartlar”a yol veriblər. İşğal faktına münasibətdə fərqli və qərəzli mövqe nümayişi isə məhz xristian təəsübkeşliyindən irəli gəlib. Bunu ABŞ Konqresinin yuxarı palatasının hələ 2023-cü il noyabrın 16-da Azərbaycana yardımla bağlı səlahiyyətlərdən imtinanı nəzərdə tutan qanun layihəsini təsdiqləməsi də sübut edib. Bu layihə ilə ABŞ Prezidentinin Azərbaycana münasibətdə 907-ci düzəlişi dayandırmaq səlahiyyətinə son qoyulub. Bu xüsusda bir daha sübut olunub ki, ABŞ-ın hakim dairələrinin Cənubi Qafqazda sülhdə maraqlı olması ilə bağlı bəyanatları qeyri-səmimidir. Məhz buna görə də Azərbaycan ABŞ-ın vasitəçilik təşəbbüslərini faydalı hesab etmir.
Prezident İlham Əliyev lokal antiterror tədbirlərindən sonra Qarabağ ermənilərinin reinteqrasiyası ilə bağlı mövqeyini bir daha ifadə edib. Dövlət başçısı vurğulayıb ki, Azərbaycan postmünaqişə dövrünün reallıqlarını düzgün dəyərləndirən, konstruktiv yanaşma nümayiş etdirən, ölkə vətəndaşlığını qəbul edən erməni əsilli şəxslərə öz vətəndaşı kimi yanaşır və hansısa kənar müdaxilə, təsir olmadan onların bütün konstitusion hüquqlarını təmin edəcək. Rəsmi Bakının səmimi müraciətlərinə baxmayaraq, Qarabağ erməniləri könüllü şəkildə Ermənistan ərazisinə köçmək qərarı veriblər. Bunu etnik təmizləmə kimi qələmə vermək absurddur.
Xatırlatmaq yerinə düşər ki, 2008-2018-ci illərdə illərdə Ermənistanda keçirilmiş prezident seçkiləri zamanı total saxtakarlığa yol verilib, bu prosesə qarşı çıxan müxalifət liderlərinə qarşı repressiyalar həyata keçirilib. 2018-ci ildə “Soros” Fondunun dəstəyi ilə kütləvi iğtişaşlar törədən və hakimiyyətə yiyələnən Nikol Paşinyan hakimiyyəti də 44 günlük Vətən Müharibəsindən və lokal antiterror tədbirlərindən sonra müxalif qüvvələrə qarşı eyni zorakı davranışları davam etdirib. Lakin Qərbin siyasi təsisatları Ermənistanda insan hüquqlarının pozulması faktlarına yanaşmada hər zaman susqunluq nümayiş etdiriblər.
Bu gün Azərbaycanı əsassız olaraq ittiham edən ABŞ-ın özündə də siyasi və demokratik azadlıqlarla bağlı çoxsaylı problemlər var. 2020-ci il 3 noyabr tarixdə ABŞ-da keçirilmiş prezident seçkiləri ilə bağlı siyasi və hüquqi müstəvidə demokratlara uduzmuş respublikaçıların 2021-ci il yanvarın 6-da kütləvi iğtişaş və qarşıdurma ilə müşayiət olunan aksiyalar keçirmələri, ilk növbədə, bu ölkədə siyasi sabitlik və yüksək demokratik mühit barədə təsəvvürləri altı-üst edib;
Danılmaq reallıqdır ki, ABŞ-da hər dəfə prezident seçkilərindən sonra total saxtakarlıq və səslərin oğurlanması iddiaları baş qaldırır. Seçkilərin saxtalaşdırılması iddiaları, ilk növbədə, ABŞ Konstitusiyası, seçki sistemi, ümumilikdə siyasi mədəniyyəti ilə bağlı problemlərin daha qabarıq təzahürünün nəticəsidir. Özünü “demokratiyanın beşiyi” hesab edən, seçkilər, insan hüquqları, demokratiya iddiaları ilə başqa ölkələrə ittihamlar irəli sürən ABŞ-da siyasi və hüquqi sistemin “mükəmməlliyi” ilə bağlı iddiaların fiaskoya uğradığı göz önündədir.