ABŞ ERMƏNİSTANIN SİYASİ QƏRARLARINI ÖZ MARAQLARINA UYĞUNLAŞDIRMAQ İSTƏYİR

Rusiya Federasiyasının Xarici Kəşfiyyat Xidmətinin son açıqlaması ABŞ-ın Ermənistanı öz siyasi təsiri altına almaq məqsədini güddüyü barədə ciddi bir iddia ortaya qoyur. Açıqlamada qeyd olunur ki, ABŞ qondarma demokratikləşmə proqramlarını tətbiq etməklə Ermənistanı özünə tamamilə tabe etmək istəyir. Xidmətin məlumatlarında bu məqsədin əldə olunmasına yönəlmiş müxtəlif strateji addımlar və tərəfdaşlar barədə ciddi ittihamlar var. Açıqlamada vurğulanan əsas məsələlərdən biri ABŞ-ın “qondarma demokratikləşmə” planlarını həyata keçirmək niyyətidir. Bu ifadə, ABŞ-ın bəzi hallarda öz strateji məqsədlərinə çatmaq üçün “demokratiya” anlayışından sui-istifadə cəhdlərini ehtiva edir. Yəni ABŞ bu cür siyasəti ilə bəzi ölkələrdə, o cümlədən Ermənistanda öz təsirini genişləndirmək məqsədini güdür.

Ermənistanın xüsusilə son illərdə Qərbə yaxınlaşması, Avropa İttifaqı və ABŞ ilə əlaqələrini gücləndirməsi Amerikanın bu ölkədəki siyasi vəziyyətə müdaxiləsinin artmasına da səbəb olub. Lakin hazırki vəziyyət Rusiyanın diqqətindən kənarda qalmayıb və 2020-ci ildə baş verən ikinci Qarabağ müharibəsindən sonra İrəvanın Moskvadan uzaqlaşmaq cəhdləri Ermənistan üçün Qərbin timsalında yeni problem mənbəyi yaradıb. Ermənistan bu dəfə Kremlin yox, Qərb dairələrinin köləsinə çevrilib. Bu baxımdan Rusiya Xarici Kəşfiyyat Xidmətinin açıqlamasında, Amerikanın İrəvanın daxili siyasətinə müdaxiləsini artırdığı və onun öz “əlaltıları” vasitəsilə Ermənistanın hakimiyyət strukturlarını dəyişdirməyə çalışdığını bildirməsi təsadüfi deyil. Çünki bu “əlaltılar” arasında Qərbyönlü siyasi partiyalar və siyasətçilər var. Rusiya bu cür müdaxilələrin Ermənistanda siyasi sabitliyi poza biləcəyini və bu siyasətlərin regional gərginliyi artıracağını bildirir. Rusiyanın əsas narahatlığı ABŞ-ın Ermənistanı öz təsir dairəsinə almaqla ölkənin ənənəvi müttəfiqləri ilə əlaqələrinin zəiflətməsi, bununla da Ermənistanın regional siyasətdəki balansını pozması ilə bağlıdır.

Açıqlamada diqqət çəkən məqamlardan biri 2026-cı il seçkiləri ilə bağlı xüsusi qeydlərin olmasıdır. ABŞ-ın Qərbyönlü siyasi partiyalara dəstək verərək onların parlamentə daxil olmalarını təmin etməyə çalışması Ermənistanın siyasi kursunun Amerikanın maraqları ilə uyğunlaşdırılması məqsədi daşıyır. Çünki Ermənistanın 2026-cı il seçkilərinə hazırlıq prosesi ölkənin siyasi həyatı üçün əhəmiyyətli mərhələdir. ABŞ isə bu partiyaların siyasi fəaliyyətlərini dəstəkləməklə əslində Ermənistandakı mövqelərini gücləndirməyə çalışır. Bununla da Rusiyanın müdaxiləsindən narahat olan ABŞ Ermənistanın dövlət quruluşunu dəyişdirmək və gələcəkdə ölkənin siyasi qərarlarını öz maraqlarına uyğunlaşdırmaq istəyir.

ABŞ-ın Ermənistan üzərində təsirini genişləndirmə cəhdləri yalnız bu ölkənin daxili siyasətinə deyil, həm də bütün Cənubi Qafqaza təsir göstərə bilər. Ermənistanın Rusiyanın əsas müttəfiqlərindən biri olması Moskvanın bu ölkədəki təsirini qorumaq üçün sərt reaksiyalarına səbəb olacaq. Bu, Rusiya ilə ABŞ arasındakı gərginliyi daha da artıracaq və Cənubi Qafqazın strateji önəmini nəzərə alaraq, digər regional güclərin də məsələyə müdaxiləsini mümkünləşdirəcək. Eyni zamanda, ABŞ-ın Cənubi Qafqazda fəaliyyətini artırması, regionda yeni müttəfiqliklər və gərginliklər yarada bilər. Bu, xüsusilə İran və Türkiyə kimi ölkələrin mövqeyini dəyişdirmək potensialına malikdir. Ona görə də Ermənistanın Qərbə yönəlməsi bu ölkəyə regional dəstəyi azalda bilər.

MTM Analitik Qrup