Amerika tərəfi İranın pilotsuz uçuş aparatları (PUA) proqramını dayandırmaq üçün istənilən tədbirləri görməyə, o cümlədən sanksiyalar tətbiq etməyə hazırdır.
Bunu ABŞ dövlət katibi Entoni Blinken deyib.
Onun sözlərinə görə, ABŞ İranı PUA ilə əlaqəli materiallar və texnologiyalar ilə təmin edən təchizat şəbəkələrinin qarşısını almaq üçün bütün mövcud vasitələrdən, o cümlədən sanksiyalardan istifadə edəcək.
Qeyd edək ki, daha əvvəl ABŞ Maliyyə Nazirliyi İslam İnqilabı Keşikçiləri Korpusu üçün PUA istehsalıyla bağlı proqramlar həyata keçirməyə dəstək verdiyinə görə 4 İran vətəndaşı və bu ölkədə fəaliyyət göstərən 2 şirkətə qarşı məhdudiyyətlər qoyub. Bu addım ABŞ-dakı aktivlərin dondurulması və Amerika vətəndaşlarına və ya şirkətlərinə aidiyyəti olan şəxslərlə iş aparmağa qadağa qoyulmasını nəzərdə tutur.
İran XİN-i buna cavab olaraq bildirmişdir ki, ABŞ-ın yeni sanksiyaları rəsmi Vaşinqtona qarşı nüvə sazişinə qayıtmaq barədə etibarı sarsıdır.