ABŞ DÖVLƏT DEPARTAMENTİ: ABŞ-IN QAFQAZ ÜZRƏ YENİ BAŞ MÜŞAVİRİ ÇƏTİN VƏ MÜRƏKKƏB MƏSƏLƏLƏR ÜZƏRİNDƏ İŞLƏMƏKDƏ TƏCRÜBƏYƏ MALİKDİR

Luis Bono ABŞ-ın Qafqazda sülhün və sabitliyin təşviq edilməsində iştirakına rəhbərlik edir.

Bu barədə ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel brifinqdə deyib.

O qeyd edib ki, Luis Bono çətin və mürəkkəb məsələlər üzərində işləməkdə əhəmiyyətli təcrübəyə malik olan Departamentin yüksək səviyyəli rəsmisidir.

“O, bu yeni rolu öz üzərinə götürərkən dövlət katibi Blinkenin və Dövlət Departamentinin şəxsi etibarına malikdir. Xüsusilə Blinkenin, bildiyiniz kimi, həm Ermənistan, həm də Azərbaycan liderləri ilə danışmaq imkanı olub. Beləliklə, bu, fəal məşğul olmağa davam edəcəyimiz bir məsələdir”, – deyə o əlavə edib.

Qeyd edək ki,ABŞ Dövlət Departamenti Qafqaz danışıqları üzrə yeni baş müşavirinin təyin edilməsini açıqlayıb. Bu barədə öz “Twitter” səhifəsində ABŞ dövlət katibi Entoni Blinken yazıb.

“Bu gün mən Lui L.Bononun Qafqaz danışıqlar üzrə yeni baş müşavirimiz təyin edildiyini elan edirəm. Onun səyləri Cənubi Qafqazda münaqişələrin sülh yolu ilə həlli istiqamətində işimizə kömək edəcək”, – deyə paylaşımda bildirilib.

Xatırladaq ki, Qafqaz üzrə danışıqlar üzrə əvvəlki baş müşaviri Filip Rikerin vəzifəsindən getdiyi yanvarın 5-də elan edilmişdi.