ABŞ-DAN OLAN BİR QRUP DİNİ İCMA RƏHBƏRİ ERMƏNİ VANDALİZMİ İLƏ YERİNDƏ TANIŞ OLMAQ ÜÇÜN QARABAĞA SƏFƏR EDƏCƏK

ABŞ-dan olan bir qrup dini icma rəhbəri erməni vandalizmi ilə yerində tanış olmaq üçün Qarabağa səfər edəcək.

Qafqaz Müsəlmanları İdarəsindən verilən məlumata görə, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə ABŞ-ın Los-Anceles şəhərindən olan bir qrup dini icma rəhbəri ilə görüşüb.

QMİ sədri görüşdə qeyd edib ki, işğaldan azad olunan torpaqlarımızda ermənilər vandalizm aktları törədiblər. Qəbirlər qazılıb, insanların sümükləri çıxarılıb, məscidlər tövlə kimi istifadə edilib. Qarabağda demək olar bütün dini, maddi-mədəniyyət nümunələri ya dağıdılıb, ya da erməniləşdirilib. Azərbaycan Ordusu işğal olunmuş torpaqlarımızı Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə azad edib. Bu gün Qarabağ azaddır və oraya yenidən həyat qayıdır.

“Azərbaycan 44 günlük müharibədə həlak olan erməni hərbçilərin cəsədlərini ölkəsinə qaytardı. Lakin Ermənistan hələ Birinci Qarabağ müharibəsində həlak olan azərbaycanlıların cəsədlərini qaytarmayıb. Bu, erməni xislətinin növbəti bariz nümunəsidir.

Ermənistan tərəfi bütün dünyaya daim belə bir fikir aşılamağa çalışırdı ki, guya onlar müsəlman dövlətlərinin əhatəsində qalıb və burada təzyiqlərə məruz qalırlar. Bununla da Ermənistan Qarabağı işğal etməsinin əsas mahiyyətini gizlətmək və müharibəni xristian-müsəlman münaqişəsi kimi təqdim etmək istəyirdi. Lakin onların bu cəhdi baş tutmadı”, – deyə şeyxülislam Allahşükür Paşazadə bildirib.

Azərbaycandakı dini tolerant mühit barədə qonaqlara məlumat verən QMİ sədri qeyd edib ki, multikulturalizm xalqımızın həyat tərzidir. Ölkəmizdə bütün dinlərə mənsub insanlar rahat, dinclik şəraitində yaşayırlar. Azərbaycanda əsasını ulu öndər Heydər Əliyevin qoyduğu multikulturalizm siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilir. Ölkəmizdə müxtəlif dinlərə mənsub insanların rahat yaşaması, ibadəti üçün hər cür şərait yaradılıb. Bu ölkəmizdə, həmçinin dövlət siyasətidir.

Azərbaycandakı dini tolerant mühitdən məmnuniyyətlə bəhs edən ölkəmizdəki dini icmaların rəhbərləri qeyd ediblər ki, burada dini-mədəni müxtəlifliyin harmoniyası mövcuddur. “Biz Azərbaycanın uğurlarına sevinirik. Bu uğurlarda bizim də payımız var. Azərbaycan hamımızın evidir. Biz birlikdə bu evin qorunması, daha böyük uğurlar qazanması üçün çalışırıq”, – deyə çıxışlarda qeyd edilib.

Azərbaycanda olmaqdan məmnunluğunu ifadə edən qonaqlar ölkəmizdə dini harmoniyanın mövcudluğunu təqdirəlayiq hal kimi dəyərləndirdiklərini bildiriblər.

“Qarabağ həqiqətləri barədə verdiyiniz ətraflı məlumata görə təşəkkür edirik. Çünki bu həqiqətlər dünya mediasında bəzən düzgün işıqlandırılmır. Ona görə də bu informasiyaların dünyaya obyektiv çatdırılması olduqca vacibdir”, – deyə qonaqlar bildiriblər.

Qeyd edək ki, qonaqlar Azərbaycana səfər çərçivəsində erməni vandalizmi ilə yerində tanış olmaq üçün Qarabağa səfər edəcəklər.