ABŞ–ÇİN TARİF MÜNAQİŞƏSİ VƏ QLOBAL TİCARƏT AXINLARININ DƏYİŞMƏSİ – ŞƏRH

ABŞ-nin Çinə qarşı tətbiq etdiyi tariflər qlobal ticarətdə zəncirvari reaksiyaya səbəb olub. ABŞ bazarından sıxışdırılan Çin malları dempinq qiymətləri ilə Avropaya, Cənub-Şərqi Asiyaya və Latın Amerikasına yönəlib. Bu proses göstərir ki, tariflər istehsalı azaltmaq əvəzinə, sadəcə ticarət axınlarının istiqamətini dəyişir. Nəticədə bu regionların yerli bazarları böyük həcmdə və ucuz mallarla üz-üzə qalır, daxili istehsalçılar isə rəqabət qabiliyyətini itirməyə başlayır. Qlobal ticarət sistemində koordinasiyanın zəifliyi bu təzyiqi daha da artırır.

Bu vəziyyət ölkələri müdafiə tədbirləri görməyə məcbur edir. Meksika 2026-cı ildən etibarən əsasən Çin mənşəli təxminən 1400 məhsul üzrə gömrük rüsumlarını 50 faizə qədər artıracağını açıqlayıb. Vyetnam artıq Çin poladına tariflər tətbiq edib, Avropa İttifaqında isə Çin istehsalı elektrik avtomobillərinə və sənaye məhsullarına qarşı yeni məhdudiyyətlər açıq şəkildə müzakirə olunur. Bu addımlar onu göstərir ki, ticarət məsələləri getdikcə sənaye təhlükəsizliyi və strateji iqtisadi müstəqillik kontekstində qiymətləndirilir. Xüsusilə polad, avtomobil və yaşıl texnologiyalar kimi sahələrdə proteksionizm əsas siyasət alətinə çevrilir.

Paradoks ondadır ki, ABŞ-nin Çinə qarşı tətbiq etdiyi tariflər qlobal ticarət disbalansını azaltmadı, əksinə onu daha mürəkkəb hala gətirdi. Çin ixracı ABŞ-yə azalsa da, Avropa İttifaqına və ASEAN ölkələrinə ciddi şəkildə artıb. Bunun nəticəsində Çinin ticarət profisiti 2025-ci ildə ilk dəfə 1 trilyon dolları keçə bilər. Çin şirkətləri dövlət subsidiyaları və aqressiv qiymət siyasəti hesabına bazar paylarını qoruyur və bu model hələlik effektivliyini itirməyib. Bu isə digər ölkələr üçün uzunmüddətli struktur risklər yaradır.

Nəticə etibarilə, dünya iqtisadiyyatı tədricən qaydalara əsaslanan azad ticarət modelindən uzaqlaşır və “hər kəs öz maraqlarını qoruyur” yanaşmasına keçir. Tariflər istisnaya deyil, sənaye siyasətinin universal alətinə çevrilir. Ticarət müharibələri isə müvəqqəti gərginlik yox, qlobal iqtisadiyyatın daimi fonu kimi formalaşır. Bu proses beynəlxalq istehsal zəncirlərini parçalayır, investisiya mühitində qeyri-müəyyənliyi artırır və dünya iqtisadiyyatını uzunmüddətli “soyuq ticarət müharibəsi” mərhələsinə doğru aparır.