ABŞ CƏNUBİ QAFQAZDA SÜLH MƏSƏLƏSİNDƏ AZƏRBAYCANIN MÖVQEYİNƏ TAM DƏSTƏK VERİR

Cənubi Qafqazda sülh və əməkdaşlıq mühitinin hökm sürməsi, xüsusən də Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasına ABŞ Prezidenti Donald Tramp administrasiyasının priotetləri sırasında yer almaqdadır. Bunu ABŞ rəsmilərinin qeyd edilən xüsusda verdikləri açıqlamalar da təsdiq edir. Hələ ötən ay Donald Tramp amerikalı senatorlarla şam yeməyində bildirib ki, Ermənistan və Azərbaycan sülh sazişi bağlamağa yaxındırlar.

Mövzunu davam etdirən Respublikaçılar Partiyasının üzvü, amerikalı senator Stiv Deyns “The Wall Street Journal” nəşri üçün yazdığı məqalədə qeyd edib ki, ABŞ Prezidenti Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanmasını tezləşdirmək ərəfəsindədir. Montana ştatını təmsil edən Respublikaçı senator “Ermənistan və Azərbaycan üçün sülh sazişi” sərlövhəli məqaləsində Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında aparılan danışıqlardan, Cənubi Qafqaz regionundakı vəziyyətdən ətraflı bəhs edib. Onun yazdığına görə, Cənubi Qafqazda Ermənistan və Azərbaycan arasında sülh sazişinin imzalanması əlamətdar nailiyyət olacaq. Bunun nəticələri  həm regional, həm də beynəlxalq əhəmiyyət daşıyacaq. İlk növbədə o baxımdan ki, sülhə kömək edəcək sabitliyə doğru atılan addımın  iqtisadi faydaları təkcə Ermənistan və Azərbaycan üçün yox, bu ölkələrdən kənarda da özünü qabarıq şəkildə hiss etdirəcək.

Senator qeyd edir ki, əvvəlki ABŞ administasiyası Cənubi Qafqaza, burada sülh prosesinə ciddi əhəmiyyət verməyib. Amma Tramp administrasiyası yaradıcı diplomatiya və hər iki tərəf üçün daha parlaq gələcək vədi ilə regionda sülh üçün irəliləyiş əldə edib: “Bu il  Trampın komandasının üzvləri ilə hər iki ölkəyə səfər etdim. Biz regionun iqtisadi potensialını araşdırdıq və sülh danışıqlarında bəzi ən çətin məsələlərin müzakirəsinə şərait yaratdıq. Mən həm Azərbaycan Prezidenti İlham Əliyevlə, həm də Ermənistanın baş naziri Nikol Paşinyanla görüşdüm və praktiki həll yollarını müzakirə etdik. Hər iki lider hazırkı anın əhəmiyyətini və qarşıda duran mühüm imkanları qəbul edirlər. Çox uzun müddətdir ki, Rusiya tuduğu mövqedən münaqişəni qızışdırmaq,  cənub qonşularını zəif və təcrid olunmuş vəziyyətdə saxlamaq üçün istifadə edərək regional güc brokeri rolunu oynayıb. İndi Ermənistan və Azərbaycan Rusiyanın dominantlığını kənara atırlar,  ABŞ-ın prioritetləri ilə uzlaşan müstəqil gələcəyə yönəlik baxışa üz tuturlar. Bölgə təkcə Cənubi Qafqazda deyil, ondan uzaqlarda da çiçəklənmənin əsasını qoya biləcək və ABŞ ilə tərəfdaşlığa əsaslanaraq öz gələcəyini müəyyən edəcək”.

Senator Stiv Deyns qeyd edir ki, Azərbaycanın əsas iştirakçılar sırasında yer aldığı Orta Dəhliz də ABŞ üçün müstəsna əhəmiyyət kəsb edir. O vurğulayır ki, unikal strateji və iqtisadi əhəmiyyətə malik bu marşrut Mərkəzi Asiya ticarətinin Qərbə maneəsiz uzandığı yeganə zolaqdır: “Mərkəzi Asiyanın beş ölkəsi olan Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tacikistan və Türkmənistan əhəmiyyətli neft, təbii qaz, kömür, uran və digər əsas ehtiyat ehtiyatlarına malikdir. Bunlara Ermənistan və Azərbaycanda böyük mis, qızıl, xromit, manqan, gümüş, sink və digər kritik minerallar və nadir torpaq elementləri yataqları əlavə olunur. Münaqişə olmadıqda, Transanadolu Boru Kəməri regionun enerjisinin daha çox hissəsini Avropaya çatdırmaq qabiliyyətini artıra və qitəni Rusiya tədarükündən asılılıqdan azad edə bilər. Sülh sazişi həm Ermənistana, həm də Azərbaycana iqtisadi və milli fayda gətirərdi. Birgə investisiyalar həm iş yerləri yarada, həm də maliyyə sabitliyini təmin edərdi. Tramp administrasiyasının qətiyyəti bu iki xalq üçün tarixi bir fürsət yaratmağa kömək edir. Gözlənilməkdə olan sülh razılaşması geosiyasət kursunu elə dəyişəcək ki, bu, təkcə Cənubi Qafqaz və Mərkəzi Asiya deyil, ABŞ və bizim müttəfiqlərimiz üçün gələcək onilliklərdə də faydalı olacaq”.

Bütün bunar fonunda yayılan məlumatlara əsasən, Prezident Donald Tramp tezliklə Ağ Evdə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyanı qəbul edəcək. Burada əsas diqqət məhz sülh sazişinə yönələcək. “Middle East Eye” portalı da məsələdən xəbərdar olan regional mənbələrə istinadən yazır ki, Azərbaycan və Ermənistan Vaşinqtonda sülhlə bağlı anlaşma memorandumu imzalayacaq: “Mənbələr ABŞ prezidenti Donald Trampın imzalanma mərasimi üçün Ağ evdə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanı qəbul edəcəyini bildiriblər. Mənbələrin sözlərinə görə, iki liderin sülh sazişinin layihəsindən daha çox anlaşma memorandumu imzalayacağı gözlənilir. Bu, Trampa ötən aydan bəri regionda axtardığı diplomatik nailiyyəti təmin etmiş olacaq”.  

Gözlənilən Ağ Ev sammiti Azərbaycan və Ermənistan liderləri arasında cari ilin iyul ayında Əbu-Dabi şəhərində baş tutan görüşdən sonra keçiriləcək. Həmin görüşdən sonra liderlər bildirmişdi ki, hər iki ölkə bir neçə ay ərzində sazişin əsas prinsiplərini yekunlaşdıra və sonra paraflaya bilər. Qeyd edilməlidir ki, hələ cari ilin mart ayında ölkələr sülh sazişi layihəsi üzrə konsensus əldə etsə də, Ermənistanın Azərbaycana qarşı ərazi iddialarını hələ də öz konstitusiyasında təsbit etməsi sözügedən sənədin imzalanması yolunda ən böyük əngəl olaraq qalır. Bu məsələyə, eləcə də ATƏT-in Minsk qrupunun buraxılmasına son nöqtənin ABŞ-da qoyulması istisna edilmir.

Bununla yanaşı, “Reuters” agentliyinin yaydığı məlumata əsasən, Tramp administrasiyası Azərbaycanı və Ermənistanı “İbrahim sazişləri”nə də cəlb etmək istəyir. Amma əsas diqqət Azərbaycan üzərində fokuslanıb. Anonimlik şərti ilə “Reuters” agentliyinə danışan mənbələr bildiriblər ki, ərəb ölkələrindən fərqli olaraq, Azərbaycan, eləcə də  Mərkəzi Asiya ölkələri artıq İsraillə sıx əlaqələrə malikdir, bu, o deməkdir ki, sazişlərin genişləndirilməsi ticarət və hərbi əməkdaşlıq sahəsində əlaqələrin dərinləşməsinə imkan yaradaraq. Eyni zamanda, “Reuters”in yazdığına görə, Vaşinqton “İbrahim sazişləri”nə qoşulmazdan əvvəl Azərbaycan və Ermənistanla arasında münasibətlərin normallaşmasına xüsusi əhəmiyyət verir. Nəşrin mənbələrinin məlumatına görə, bu məsələ Trampın xüsusi nümayəndəsi Stiv Vitkoffun mart ayında Bakıya səfəri zamanı müzakirə edilib. “Reuters” onu da yazır  ki, Azərbaycan Mərkəzi Asiya ilə Qərb arasında ticarət axınında əsas halqadır. Agentliyə müsahibə verən iki mənbə qeyd edib ki, Amerikanın Mərkəzi Asiya ölkələri ilə “İbrahim sazişləri” üzrə müzakirələri hələ rüşeym mərhələsindədir, Azərbaycanın timsalında isə danışıqlar kifayət qədər irəlidədir və bir neçə həftə və ya ay ərzində müvafiq razılıq imzalana bilər. Bütün bunlar həm də o deməkdir ki. Tramp hökuməti üçün Azərbycanla əməkdaşlığın daha da dərinləşdirilməsi xarici siyasətdə prioterlər sırasındadır. Regionda sülh məsələsində isə ABŞ və Azərbaycanın yanaşmaları üst-üstə düşür.

MTM Analitik Qrup