Xocalı qətliamının 30-cu ildönümü ilə əlaqədar ABŞ Azərbaycanlılar Şəbəkəsi Amerika ictimaiyyətinin məlumatlandırılması kampaniyasını həyata keçirir. Konqresmenlərə, ştatların parlamentlərinin və administrasiyalarının qanunvericilərinə, Dövlət Departamentinə, ABŞ Prezidentinə və Vitse-prezidentinə ünvanlanan, ABŞ Azərbaycanlılar Şəbəkəsi tərəfindən hazırlanmış müraciətdə qeyd edilir ki, 1992-ci ilin fevral ayında Xocalıda keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının köməyi ilə erməni silahlı qüvvələri tərəfindən törədilmiş hərbi cinayət müasir tarixdə sənədlərlə təsdiq edilmiş ən dəhşətli hadisələrdən biridir.
Müraciətdə Xocalının işğalı zamanı həlak olmuş insanlar haqqında statistik informasiya və erməni silahlı bölmələri tərəfindən Qaradağlı, Malıbəyli və Quşçular kəndlərində və Xocalı şəhərində törədilmiş vəhşiliklər barədə məlumatlar verilir. BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin Azərbaycandan qeyd-şərtsiz və dərhal çıxmasını tələb edən dörd qətnaməsi (822, 853, 874, 884) barədə də məlumat qeyd olunub. Bildirilib ki, Bosniyada 1990-cı illərdə hərbi cinayətlər törətmiş və 2000-ci illərdə beynəlxalq tribunal tərəfindən məhkum olunmuş serb separatçılarının başçıları kimi, Xocalıda qətliamı törədən şəxslər, Serj Sarqsyan, Robert Koçaryan və Seyran Ohanyan və digər hərbi cinayətkarlar da tezliklə məsuliyyətə cəlb olunacaqlar.
ABŞ Azərbaycanlılar Şəbəkəsi Xocalı qırğınının dünya ölkələrinin qanunverici orqanları və hökumətləri tərəfindən tanınmasının vacibliyini vurğulayaraq qeyd edib ki, Xocalı soyqırımı bu günə qədər ABŞ-ın 30-dan çox ştatının parlamentləri və qubernator proklamasiyaları səviyyəsində tanınıb.