ABŞ AZƏRBAYCANIN TƏŞƏBBÜSÜ İLƏ RELLAŞAN SÜLH PROSESİNİN MÜSBƏT NƏTİCƏLƏRİNİ DƏSTƏKLƏYİR

Azərbaycanın Ermənistanla danışıqların aparılması üçün təklif etdiyi sülh gündəliyi və birbaşa dialoq formatının səmərəli olduğu vasitəçilik təşəbbüsləri ilə çıxış edən fövqəlgüc dövlətləri tərəfindən etiraf edilir. ABŞ Dövlət katibi Antoni Blinkenin Azərbaycan Prezidenti İlham Əliyevə sentyabrın 16-da növbəti telefon zəngi və aparılan müzakirələr bunu bir daha təsdiqləyib.


ABŞ Dövlət katibi Ermənistanla Azərbaycan arasında davamlı sülhün əldə olunmasının vacibliyini vurğulayaraq, ölkəsinin bu məqsədə nail olunması üçün səylərini əsirgəməyəcəyini bildirib. O, Ermənistanla Azərbaycan arasında sərhədlərin delimitasiyası sahəsində əldə edilmiş nailiyyətləri, o cümlədən dövlət sərhədinin delimitasiyası üzrə komissiyaların birgə fəaliyyəti haqqında Əsasnamənin müvafiq qaydada 2024-cü il avqustun 30-da imzalanmasını müsbət addım kimi qiymətləndirib.


Telefon danışığı fonunda aydın görünür ki, ABŞ administrasiyası sülh prosesi ilə bağlı ən xırda məqamları detalları belə diqqət mərkəzində saxlayır. Belə görünür ki, rəsmi Vaşinqton Qarabağdakı qanunsuz rejimin süqutundan sonra regionda formalaşan yeni reallıqları qəbul etməklə yanaşı, sülh üçün yaranmış əlverişli fürsətin adekvat dəyərləndirilməsində maraqlıdır. Yekun sülh sazişinin imzalanması hazırda sırf Ermənistanın bir sıra məsələlərdə nümayiş etdirdiyi destruktiv və ədalətsiz mövqe səbəbindən uzanır.


Dövlət başçısı İlham Əliyev də söhbət zamanı bu məqama xüsusi toxunub, sülh müqaviləsinin təşəbbüskarının məhz ölkəmiz olduğunu qeyd edib. Eyni zamanda, müqavilənin imzalanması üçün Ermənistanın öz Konstitusiyası və digər qanunverici aktları əsasında Azərbaycana qarşı ərazi iddialarına, keçmişin qalığı olan ATƏT-in Minsk qrupu və onunla bağlı olan bütün təsisatların fəaliyyətinə son qoyulması vacibliyini vurğulayıb.


İki ölkə arasında danışıqların sərhədlərin delimitasiya və demarkasiyası, kommunikasiyaların açılması məsələləri ətrafında aparılması hazırda Ağ ev tərəfindən ciddi dəstək alır. Vasitəçilərsiz, birbaşa danışıqların əhəmiyyətli dərəcədə irəliləməsini etiraf edən ABŞ və digər bir sıra ölkələr tərəfləri prosesi sürətləndirməyə, yekun sülh sazişi naminə siyasi iradə nümayiş etdirməyə çağırırlar.


Azərbaycan ötən 4 ildə sülh danışıqlarının hansısa ölkə və beynəlxalq təşkilat tərəfindən inhisara alınmasına qarşı çıxıb, yalnız obyektiv, beynəlxalq hüquq normalarına əsaslanan mövqe tutan tərəflərin vasitəçilik təşəbbüslərinə müsbət cavab verib. Sonrakı mərhələdə rəsmi Bakı Ermənistanın danışıqlar prosesini geosiyasi rəqabət predmetinə çevirmək cəhdlərini kəskin tənqid edib, qeyri-obyektiv mövqe sərgiləyən ölkələrin vasitəçiliyindən imtina edib. Fransa, Avropa İttifaqı və ABŞ-ın bitərəflik prinsipini kobud şəkildə pozmaları, Ermənistanın əsassız iddialarını himayə etmələri rəsmi Bakını adekvat addımlar atmağa sövq edib. Xüsusilə də ötən ilin sentyabr ayında Ordumuzun keçirdiyi lokal antiterror tədbirlərindən sonra rəsmi Bakı Ermənistandan danışıqların birbaşa aparılmasını tələb edib.


Qarabağdakı xunta rejiminin iflasından sonra müxtəlif əsassız iddia və bəhanələrlə sülh masası arxasına oturmaqdan imtina edən, prosesi hər vəchlə yubatmağa çalışan Ermənistan bu ilin əvvəlindən Azərbaycanın uğurlu siyasi, diplomatik və hərbi gedişləri qarşısında geri çəkilməyə, yeni geosiyasi vəziyyətlə barışmağa, birbaşa danışıqlarda iştiraka məcbur olub.


Hazırda Ermənistanın müstəqillik haqqında Bəyannaməsində Azərbaycanın Qarabağ bölgəsinin Ermənistanla birləşdirilməsinə və Azərbaycanın ərazi bütövlüyünün pozulmasına birbaşa çağırışlar var. Və bu sənədə istinadlar Ermənistan Konstitusiyasında da əksini tapıb. Regionda qalıcı sülhə nail olunması baxımından Ermənistan bu kimi əsassız iddialarına son qoymalı, qısa zamanda Konstitusiyasında və digər normativ-hüquqi sənədlərində dəyişikliklər etməlidir. Ölkə rəhbərliyi eyni zamanda, 90-cı illərin əvvəlində ATƏT tərəfindən yaradılmış, de-fakto tarixin arxivinə gömülmüş Minsk qrupu və digər təsisatların de-yure aradan qaldırılmasını vacib hesab edir.


ABŞ və digər ölkələr həqiqətən də sülh prosesində səmimi maraqlıdırsa, Ermənistanın bu məsələrdə konstruktivlik nümayiş etdirmələrinə ciddi şəkildə təsir göstərməlidirlər.

MTM Analitik Qrup