ABŞ AZƏRBAYCANIN SÜLH GÜNDƏLİYİNƏ KONSTRUKTİV DƏSTƏK VERİR

MTM Analitik Qrup

Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ- planlaşdırılan rəsmi səfəri yalnız ikitərəfli münasibətlərin inkişafı deyil, regional sabitlik və qlobal təhlükəsizlik məsələlərinin müzakirəsi baxımından xüsusi diqqət mərkəzindədir. Səfərin bu ölkənin Prezidenti Donald Trampın rəsmi dəvəti ilə gerçəkləşməsi də iki ölkə arasında münasibətlərin yeni müstəviyə keçidini təsdiqləyən mühüm məqamdır. Səfər çərçivəsində Ermənistan baş naziri ilə gözlənilən növbəti görüş isə sülh prosesinin irəlilədilməsi baxımından həlledici hesab olunur.

Xatırladaq ki, respublikaçıların liderinin birinci prezidentliyi dövründə – 2016–2020-ci illərdə ölkələrimiz arasındakı münasibətlər strateji tərəfdaşlıq yönümündə inkişaf edib, ciddi etimadsızlıq və gərginlik hiss olunmayıb. Azərbaycan bu ölkə ilə bərabərhüquqlu əlaqələrin inkişafı istiqamətində hər zaman səmimi addımlar atsa da, C. Bayden Administrasiyası İkinci Qarabağ müharibəsindən sonra Azərbaycana münasibətdə qərəzli mövqe tutub, Ermənistana tərəfkeşlik edib. Rəsmi Bakı Cənubi Qafqazdakı yeni geosiyasi reallıqları adekvat dəyərləndirə bilməyən, qeyri-konstruktiv mövqe tutan “Ağ ev”in vasitəçiliyindən haqlı olaraq imtina edib.

Donald Trampın ikinci dəfə ABŞ Prezidenti seçilməsi ilə Vaşinqtonun Cənubi Qafqaz siyasətində nəzərəçarpacaq dəyişikliklər müşahidə edilir. Əvvəlki komandanın regionda sülh və etimad quruculuğuna xələl gətirən, gərginliyi artıran qeyri-konstruktiv siyasətindən fərqli olaraq, yeni Administrasiya regionda sabitliyin və təhlükəsizliyin təminatına yönəlmiş praqmatik mövqe sərgiləyir.

ABŞ-ın hazırkı Prezidentinin Ermənistanla Azərbaycan arasında normallaşma prosesinə tərəfsiz yanaşan, münaqişə səhifəsinin bağlanmasını, sülhü, əməkdaşlığı təşviq edən bəyanatları rəsmi Bakıda bu ölkəyə qarşı etimadsızlığı aradan qaldırıb. Son aylarda cərəyan edən proseslər yeni Administrasiyanın Cənubi Qafqazdakı proseslərə daha konstruktiv, səmimi yanaşdığını nümayiş etdirir. Lokal antiterror tədbirləri nəticəsində Qarabağdakı qanunsuz xunta rejiminin 2023-cü ilin sentyabrında süquta uğradılmasından sonra regionda formalaşan yeni geosiyasi reallıq rəsmi Vaşinqton tərəfindən düzgün dəyərləndirilir. ABŞ Azərbaycanın suveren əraziləri üzərində nəzarətini tam bərpa etməsini regionda sabitliyin əsas təməli kimi tanıyır, dayanıqlı sülhün ərazi bütövlüyü və suverenlik prinsipləri əsasında mümkünlüyünü bəyan edir. Beynəlxalq hüquqa əsaslanan bu diplomatik yanaşma ölkəmizin milli maraqlarına tamamilə uyğundur.

Şübhəsiz, sülh danışıqlarının müsbət nəticələri, ilk növbədə, Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsi və lokal antiterror tədbirləri zamanı qazandığı tarixi qələbənin, sülh üçün irəli sürdüyü 5 əsas prinsipin, ikitərəfli danışıqlar formatının nəticəsidir. Birbaşa və vasitəçilərsiz danışıqlar formatı Ermənistanla Azərbaycan arasında etimadın yaradılmasına, real problemlərin sivil müzakirələr əsasında aparılmasına imkan yaradıb. Məhz bu danışıqların, gərgin müzakirələrin nəticəsi kimi bu ilin mart ayında yekun sülh sazişinin bütün 17 maddəsi üzərində tam razılaşma əldə olunub.

Bu nəticələrə rəğmən, rəsmi Bakı hesab edir ki, yekun sülh sazişinin imzalanması üçün hələ də açıq qalan məsələlər var. Azərbaycan tərəfi dayanıqlı sülh və əməkdaşlıq, sivil diplomatik əlaqələr üçün daha iki mühüm şərt irəli sürüb: Ermənistan Konstitusiyasında ölkəmizə ərazi iddialarına yol açan müddəaların dəyişdirilməsi, ATƏT-in Minsk Qrupunun və onunla bağlı bütün təsisatların rəsmi şəkildə ləğvi. Bu tələblər beynəlxalq hüquqa və ədalətə əsaslanır: belə ki, Ermənistanın hazırkı Konstitusiyası yekun sülh sazişinin mahiyyətinə və tələblərinə tamamilə ziddir. Bundan əlavə, münaqişə de-fakto mövcud deyilsə, ATƏT-in Minsk Qrupu adlı amorf qurum da artıq siyasi və hüquqi legitimliyini itirib. Bu “strukturun” saxlanmasına yönəlmiş cəhdlər yalnız keçmiş gərginlikləri süni şəkildə gündəmdə saxlanılması məqsədi güdür.

Qeyd edilən kontekstdə Azərbaycan bu gün sülh danışıqlarının məntiqi sonluğa çatdırılması üçün hansısa kənar vasitəçiyə ehtiyac duymur. Əslində, Tramp Administrasiyasının prosesə yanaşması da ikitərəfli danışıqlara hörmət üzərində qurulub. ABŞ-ın prosesdə rolu tərəflərin qərarlarını təşviq etmək, sülh atmosferini dəstəkləmək, ona əlavə dəstək verməkdən ibarətdir. Bir müddət əvvəl Donald Tramp Ermənistan və Azərbaycanın sülhə çox yaxın olduqlarını bəyan edib və ölkəsinin prosesin uğurla sona çatmasına səmimi marağını izhar edib. ABŞ-da keçirilən görüş bu baxımdan sülh razılaşması üzrə daha prinsipial nəticələrin əldə olunmasına ciddi töhfə verə bilər.

ABŞ-nin Cənubi Qafqazda dayanıqlı sülhün əldə olunması ilə bağlı maraqları təkcə siyasi deyil, həm də iqtisadi və təhlükəsizlik məsələləri ilə bağlıdır. Rəsmi Vaşinqton bölgədə enerji və nəqliyyat dəhlizlərinin davamlı fəaliyyətini prioritet məsələlərdən sayır. Müşahidələr göstərir ki, Zəngəzur dəhlizinin açılması, region ölkələrinin yeni beynəlxalq nəqliyyat şəbəkəsinə qoşulması ABŞ-ın ciddi maraq dairəsindədir. Bu ölkənin Türkiyədəki səfiri Tom Barrak iki ay öncə bəyan etmişdi ki, ABŞ Zəngəzur dəhlizinin idarəçiliyini 100 il müddətinə üzərinə götürməyi təklif edir. Bu təklifin məqsədi tərəflər arasında iqtisadi və diplomatik yaxınlaşmanı təşviq etmək, bölgədəki riskləri minimuma endirməkdir.

ABŞ-Azərbaycan münasibətləri hazırda həm də iqtisadi, siyasi, enerji və strateji təhlükəsizlik istiqamətlərini də əhatə edir. Ölkəmizin regionda reallaşdırdığı layihələr Ağ Evin strateji maraqları ilə üst-üstə düşməklə, təkcə Azərbaycanın deyil, bütövlükdə Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. Tramp Administrasiyası dövründə bu əməkdaşlığın daha da genişləndirilərək yaşıl enerji, infrastruktur və texnologiya sahələrinə də inkişaf perspektivləri gündəlikdədir.

Prezident İlham Əliyevin bu ölkəyə səfərinin və əldə olunacaq razılaşmaların ABŞ-Azərbaycan münasibətlərini qlobal strateji tərəfdaşlıq səviyyəsinə yüksəldəcəyi şübhəsizdir.

MTM Analitik Qrup