ABİTURİYENTİN RƏQS İFAETMƏ QABİLİYYƏTİ ONUN SEÇDİYİ VƏ TƏKLİF OLUNAN MUSİQİ RİTMLƏRİ ƏSASINDA YOXLANILIR

Ümumi orta (9 illik) təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xoreoqrafiya sənəti və rəqs müəllimliyi ixtisaslarını seçən abituriyentlər ifaçılıq üzrə qabiliyyət imtahanı verirlər.

Dövlət İmtahan Mərkəzindən bildirilib ki, bu ixtisasları seçən abituriyentlər qabiliyyət imtahanı zamanı müvafiq komissiyaya çəkisi, boyu, onurğa sütunu, ürəyi, ağciyəri, görmə qabiliyyəti haqqında tibbi arayış təqdim etməlidirlər.

Həmin ixtisaslar üzrə abituriyentlərin fiziki göstəriciləri və sağlamlıqları barədə konkret tələblər qoyulur:

– abituriyentin boy və çəkisi bir-biri ilə uyğunluq təşkil etməlidir;

– abituriyentin bədən skeleti və əzələlərinin quruluşu, sinir sisteminin vəziyyəti, ürəyin, ağciyərin, görmə və eşitmə orqanlarının vəziyyəti norma və tələblərə uyğun olmalıdır;

– sinə və çiyin bıçaqlarının asimmetriyası, geniş və qısa bədən quruluşu, bədən hissəsinin əyriliyi yolverilməzdir.

Qabiliyyət imtahanında abituriyentlərin fiziki (bədən quruluşu, siması, plastikliyi) və yaradıcılıq imkanları, həmçinin musiqinin müşayiətilə rəqsi ifaetmə qabiliyyəti yoxlanılır.

Abituriyentin rəqs ifaetmə qabiliyyəti onun özünün seçdiyi və təklif edilən musiqi ritmləri əsasında yoxlanılır. Rəqs zamanı abituriyentin koordinasiyasının müəyyənliyinə, hərəkətlərinin, manerasının düzgün olmasına, gövdə, ayaq, əl və qollarının,

başın düzgün saxlanılmasına, ayaqlarının dizdən və pəncədən ifadəli çevrilməsinə və yana açılmasına diqqət yetirilir.

İmtahanın nəticəsi “məqbul”la qiymətləndirilir. “Məqbul” qiymət almaq üçün 10 ballıq şkala üzrə 5 və daha yüksək bal toplamaq lazımdır.

Variasiyanın və ya rəqsin tempdə və texniki cəhətdən ifa səviyyəsi 5 (maksimal), variasiyanın və ya rəqsin ifasının musiqiyə uyğunluq səviyyəsi 3 (maksimal), ifanın bədii səviyyəsi (artistlik, ifadəlilik, obrazlılıq) 2 (maksimal) balla qiymətləndirilir.

Xatırladaq ki, ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarına qəbul imtahanı 2 mərhələ üzrə keçirilir. I mərhələdə abituriyentlər ümumi qaydada qəbul (cari ilin məzunları – buraxılış) imtahanında iştirak edirlər. Bu imtahanda topladıqları ümumi balı 50 (fənlər üzrə nisbi bal məhdudiyyəti tətbiq edilmir) və daha yüksək olan abituriyentlər qeydiyyatdan keçərək II mərhələdə qabiliyyət imtahanı verməlidirlər. Xoreoqrafiya sənəti və rəqs müəllimliyi

ixtisaslarına qəbul olmaq istəyən abituriyentlərin I mərhələ üzrə topladıqları ümumi balı 30 (fənlər üzrə nisbi bal məhdudiyyəti tətbiq edilmir) və daha yüksək olmalıdır.