AAF HƏFTƏSONU AVTOMOBİL HƏVƏSKARLARINI BİR ARAYA TOPLAYIR

Bu həftəsonu “Sürətin evolyusiyası” ilə daha da maraqlı olacaq. Belə ki, Azərbaycan Avtomobil Federasiyasının təşkilatçılığı, “Nazar Holdinq” və Bakı Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə klassik avtomobillər, sürət avtomobilləri və “Supercar”ların sərgisi keçiriləcək.

Mayın 17-də Əziz Əliyev küçəsindən Qoşa Qala qapısınadək ərazidə 1985-ci ilədək istehsal olunan klassik avtomobillər, mayın 18-də isə müxtəlif növ sürət avtomobilləri, “Supercar”lar sərgilənəcək.

  • Sərgi ilə tanışlıq ödənişsizdir.
  • Avtomobillərin hər biri unikal və sərgi eksponatı olduğundan onlar küçəboyu yaradılmış xüsusi zonada təqdim ediləcək. Həmin əraziyə yalnız sərgilənən avtomobillərin sahibləri daxil ola biləcək.
  • Küçə boyunca xüsusi ayrılmış tamaşaçı zonası yaradılacaq. Bu hissədən sərginin avtomobillərini izləmək mümkün olacaq.
  • Bəzi izləyicilərin avtomobillərlə daha yaxından tanışlıq imkanı ola bilər. Belə ki, tədbirin gedişatında bəzi izləyicilər yalnız avtomobil sahiblərinin icazəsi və dəvəti ilə avtomobillərə əyləşə və daha yaxından tanış ola biləcək.

Sərgi iki gün ərzində saat 11:00-dan 19:00-a qədər davam edəcək. İzləyicilər klassik avtomobillərdən sürət avtomobillərinədək sürətin evolyusiyasını görmək imkanı qazanacaq, tədbirin ab-havasından zövq ala biləcəklər.