5 MAY XALÇAÇI GÜNÜ ŞUŞADA QEYD OLUNUB

Bu gün – mayın 5-i Azərbaycanda xalçaçıların peşə bayramı – “Xalçaçı günü” kimi qeyd olunur.

“Azərxalça” ASC müasir Azərbaycanın əsas xalçaçılıq mərkəzidir. Cəmiyyət Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 5 may 2016-cı il tarixli sərəncamı ilə yaradılıb. Ölkəmizdə yüz illərdir xalça toxunsa da, 2016-cı ilə qədər xalçaçıların peşə bayramı olmayıb. Artıq altı ildir ki, “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin yaradıldığı gün – mayın 5-i “Xalçaçı Günü” kimi qeyd olunur.

Dünyanın bir çox ölkəsində xalçaçılıq sənətinin mövcud olmasına rəğmən, belə bayramın qeyd olunması ilk dəfə məhz Azərbaycanda reallaşıb. Bu hadisə Azərbaycanda milli-mənəvi irsimiz hesab olunan xalçaçılığa, bu xalçaları toxuyub ərsəyə gətirən toxuculara verilən qiymətin bariz nümunəsidir.

Bu gün sürətlə inkişaf etməyə can atan “Azərxalça” ASC-nin əsas məqsədi milli-mənəvi, mədəni irsimiz olan xalçaların qorunması, xalçaçılıq işinin təbliği, xalça və xalça məmulatlarının istehsalı, ixracı, ölkə daxilində və xaricdə satışının təşkili, yeni texnologiyaların tətbiqi, maddi-texniki bazanın müasirləşdirilməsi, beynəlxalq sərgi və konfranslarda iştirakının təmini – bir sözlə, Azərbaycanın milli xalça brendinin inkişafı üçün lazım olan bütün tədbirlərin görülməsidir.

Bu il bu günün ikiqat əhəmiyyəti var. Çünki bu il xalçaçıların bayramı mədəniyyət paytaxtımız, Qarabağın sənət məbədi, xalçaçılıq sənətinin beşiyi Şuşada qeyd olunub. “Heydər Əliyev Fondu”nun təşəbbüsü ilə Azərbaycan Turizim Agentliyinin 5-8 may tarixlərində keçirdiyi Beynəlxalq Kulinariya Festivalı çərçivəsində “Azərxalça” ASC Şuşaya baş çəkən yerli və xarici qonaqlara özünün xalça toxuma prosesi haqqında “Xalça necə doğulur” adlı interaktiv tamaşa formasını təqdim edib. Tamaşa izləyənlərin böyük marağına səbəb olub, həmçinin, turistlər özləri toxuma prosesində iştirak ediblər. Xatırladaq ki, festivalda kulinariya ilə yanaşı, Azərbaycanın mədəniyyət və incəsənət nümunələrinin də geniş təqdimatı baş tutub.

“Xalçaçı günü”ndə “Azərxalça” ASC rəhbərliyi xalçaçılıq sənətinin inkişafı və tərənnümündə rolu olan bütün əməkdaşlarını təbrik edib, gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Müxtəlif rayonlarda fəaliyyət göstərən dövlət qurumlarının nümayəndələri, rayon gəncləri, məktəblilər də emalatxanalara baş çəkərək xalçaçıları təbrik ediblər.

“Azərxalça” ASC-nin bir çox xarici ölkələrdə, o cümlədən BƏƏ-də (EKSPO 2020 Azərbaycan pavilyonunda) sərgi davam etdiyi müddətdə, mart ayının 31-dək satış və nümayiş nöqtəsi fəaliyyət göstərib. Azərbaycan ilə ərəb ölkələri arasında uzunmüddətli, zəngin və qarşılıqlı əməkdaşlığın 30 illik tarixini qeyd etmək məqsədi ilə bu il fevralın 18-də xüsusi olaraq Dubay EKSPO 2020 sərgisi üçün hazırlanmış “Dostluq” adlı xalça Azərbaycan Pavilyonunda təqdim olunub. Bu ildən etibarən cəmiyyət tarixində ilk dəfə ipək xalçaların toxunmasına da start verilib.

Müasir dizaynlı evlərində Azərbaycanda toxunmuş, əsl əl işi xalçalarımızı fərqli üslubda görmək istəyən yerli və xarici xalçasevərləri nəzərə alaraq, bazara yalnız klassik deyil, müasir dizaynlı xalçalar da təqdim olunur. Bunun üçün də konseptual, gənc, istedadlı dizaynerlər, rəssam və xalçaçılar işə cəlb edilir.

Yerli rəssamlarla yanaşı “Azərxalça” ASC xarici rəssam və dizaynerlərlə də əməkdaşlıq edir. İsrailli rəssam Rami Meirin əsərlərinin xalçalara köçürülməsi və satışı istiqamətində, o cümlədən, Azərbaycanda fəaliyyət göstərən bir çox xarici ölkə səfirlikləri ilə hər iki ölkədə xalçalarımızın sərgi və satışının baş tutması haqqında da danışıqlar və qarşılıqlı əməkdaşlıq həyata keçirilir.