44 SÜTUN VƏ “V” FORMASI: XANKƏNDİ DƏMİR YOLU KOMPLEKSİ BELƏ OLACAQ

Ağdam-Xankəndi dəmir yolu xətti ilə yanaşı, Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksinin tikintisinə də başlanılıb.

Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-dən məlumat verilib.

Bildirilib ki, kompleks gözləmə zalı, əyləncə mərkəzi, istirahət guşələri, mağaza və restoranlardan ibarət olacaq. Kompleks ərazisində Qarqarçayın sahilində bulvarın inşası da nəzərdə tutulub.

Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksi Vətən müharibəsinin rəmzi kimi 44 sütun üzərində və “V” (“victory”, yəni qələbə) hərfi formasında layihələndirilib.