28 MART DÖVLƏT TƏHLÜKƏSİZLİYİ XİDMƏTİ İŞÇİLƏRİNİN PEŞƏ BAYRAMIDIR

Martın 28-də Azərbaycanın milli təhlükəsizlik orqanlarının yaradılmasının 102-ci ildönümü tamam olur. Bu əlamətdar tarix Azərbaycan Xalq Cümhuriyyətində dövlət təhlükəsizliyinin təmin olunması məqsədilə 1919-cu il martın 28-də kəşfiyyat və əks-kəşfiyyat xidmətinin yaradılması ilə bağlıdır.

Artıq 24 ildir ölkəmizin təhlükəsizlik orqanlarının əməkdaşları martın 28-ni peşə bayramı günü kimi qeyd edirlər. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 1997-ci il martın 23-də imzaladığı Sərəncamla hər il martın 28-i Azərbaycan Respublikasının təhlükəsizlik orqanlarının əməkdaşları tərəfindən peşə bayramı kimi qeyd olunur.

Ölkəmizdə milli təhlükəsizlik orqanının tarixi 1919-cu il martın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin hərbi naziri Səməd bəy Mehmandarovun əmri ilə Hərbi Nazirliyin Baş Qərargahı nəzdində kəşfiyyat və əks-kəşfiyyat bölməsinin (kvartirmeyster) təşkil olunması ilə başlayıb. Qurumun ilk rəhbəri Məmmədbağır Şeyxzamanlı, sonra onun qardaşı Nağı Şeyxzamanlı təyin edilib. Sovet dövründə qurum əvvəlcə Fövqəladə Komissiya (ÇK) adlanıb, bir müddət Daxili İşlər Xalq Komissarlığının (NKVD) tərkibində fəaliyyət göstərib, sonra Dövlət Təhlükəsizlik Komitəsi təşkil olunub. Yetmiş illik sovet hakimiyyəti dövründə respublikamızda fəaliyyət göstərən dövlət təhlükəsizliyi orqanının vəzifəsi, əsasən, mövcud quruluşu qorumaq, həmin totalitar rejimin ideologiyasına zidd düşüncə tərzinin yayılmasının qarşısını almaq olub.

Azərbaycanın təhlükəsizlik orqanları builki peşə bayramlarını unudulmaz hisslərlə – Qələbə əhval-ruhiyyəsi ilə qeyd edirlər. Vətən müharibəsində düşmənə sarsıdıcı zərbə vurulmasında və Şanlı Qələbənin qazanılmasında, eləcə də işğaldan azad edilən ərazilərimizdə təhlükəsizliyin etibarlı şəkildə təmin olunmasında Azərbaycanın xüsusi xidmət orqanlarının özünəməxsus payı var.