Paytaxtın Binəqədi rayonunda küçələrdən birinə şəhid jurnalist Məhərrəm İbrahimovun adı verilib.
Bakı Şəhər İcra Hakimiyyəti Binəqədi rayonunun M.Ə.Rəsulzadə qəsəbəsindəki Sahilboyu küçəsinə Məhərrəm İbrahimovun adının verilməsi barədə qərar qəbul edib.
Xatırladaq ki, 2021-ci il iyunun 4-də saat 11.00 radələrində xidməti vəzifələrinin icrası ilə əlaqədar işğaldan azad edilmiş Kəlbəcər rayonuna ezam olunmuş bir qrup jurnalisti aparan “KamAZ” markalı sərnişin avtomobilinin rayonun Susuzluq kəndi istiqamətində hərəkətdə olarkən tank əleyhinə minaya düşməsi nəticəsində üç nəfər – AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov, Azərbaycan Televiziyasının operatoru Sirac Abışov və Kəlbəcər rayon İcra Hakimiyyəti başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Arif Əliyev həlak olublar.
Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə Məhərrəm İbrahimov ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.