
Milli ödəniş sistemində 2026-cı ilədək rəqəmsal ödənişlərin 25 faiz artacağı, ümumi dövriyyədə nağdsız ödənişlərin payının isə 55 faizə çatacağı gözlənilir.
Bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı Bakıda keçirilən “FİNTEX SAMMİT 2023” maliyyə və texnologiyalar sərgisində deyib.
Onun sözlərinə görə, Azərbaycanda maliyyə texnologiyalarının inkişafı üçün dünyadakı tendensiyaların (süni intellekt, maşın təlimi, açıq bankçılıq və s.) tətbiqi davam edir.
“Həmçinin qeyd etmək istəyirəm ki, Beynəlxalq Valyuta Fondu Cənubi Qafqazda iqtisadiyyatda ortamüddətli perspektivdə 5-7 faiz artım proqnozlaşdırır. Maliyyə texnologiyalarının və bu sahədə menecmentin təkmilləşdirilməsi mühüm addımlardan biridir. Proqnozlara görə, 2023-cü ilin sonlarınadək qlobal səviyyədə rəqəmsal ödəniş tranzaksiyalarının dəyəri təqribən 6,7 trilyon dollar olacaq. 2023-cü ildə Azərbaycanda ümumi dövriyyədə nağdsız ödənişlərin xüsusi çəkisi 51 faizə çatacaq”, – deyə V.Qasımlı əlavə edib.