
Media Təhlil Mərkəzinin (MTM) Mərkəzi Bankın açıqladığı rəsmi rəqəmlər əsasında apardığı təhlil göstərir ki, son 5 ildə Azərbaycan iqtisadiyyatına cəlb olunan birbaşa xarici investisiyaların həcmi sürətlə artır. Ümumilikdə son 5 ildə Azərbaycan iqtisadiyyatına 29,30 milyard dollar (29 303 112 477 $) birbaşa xarici investisiya cəlb olunub.
Rəsmi rəqəmlərə əsasən, son 5 ilin ən yüksək göstəricisi 2024-cü ildə qeydə alınıb. Daha dəqiq desək, 2024-cü ildə ölkə iqtisadiyyatına cəlb olunan birbaşa xarici investisiyanın həcmi 7,05 milyard dollar (7 046 217 257 $) təşkil edib. Bu da əvvəlki ilə nisbətən 5,8% və ya 0,39 milyard dollar (388 149 253 $) daha çox deməkdir. 2023-cü ildə isə bu məbləğ 6,66 milyard dollara (6 658 068 003 $) bərabər olub.

Son 5 ilin hər birində ölkəmizə ən çox birbaşa investisiya yönəldən ölkə Birləşmiş Krallıq olub. Qeyd edək ki, 2020-2024-cü illərdə Birləşmiş Krallıqdan ölkə iqtisadiyyatına 8 633 344 791 dollar (8,63 milyard $) birbaşa xarici investisiya cəlb olunub. İkinci sıranı 5 026 799 828 dollar (5,03 milyard $) ilə Türkiyə tutub. Üçüncü sırada isə digər türk dövləti olan Kipr yer alıb. Son 5 ildə Kiprdən ölkəmizə 2 909 175 095 dollar (2,91 milyard $) həcmində birbaşa xarici investisiya cəlb olunub. Ümumilikdə son 5 ildə Azərbaycan iqtisadiyyatına 29,3 milyard dollar (29 303 112 477 $) birbaşa xarici investisiya cəlb olunub ki, bu məbləğin 88,3%-i cədvəldə də göründüyü kimi 10 ölkənin payına düşür.

Ötən ilin göstəricilərinə gəldikdə isə, 2024-cü ildə Krallıq ölkəmizə 1 748 821 566 dollar (1,75 milyard $) investisiya yatırıb ki, bu da həmin ildə cəlb olunan bütün birbaşa xarici investisiyaların 24,8%-ni təşkil edib.
Ötən il 1 219 014 750 dollar (1,22 milyard $) həcmində birbaşa investisiya ilə qardaş ölkə Türkiyə ikinci sırada yer alıb. 2024-cü ildə Türkiyənin Azərbaycan iqtisadiyyatına yönləndirdiyi birbaşa investisiyanın həcmi ümumi birbaşa xarici investisiya həcminin 17,3%-ni təşkil edib.
Macarıstan 2024-cü ildə Azərbaycan iqtisadiyyatına 1 018 647 576 dollar (1,02 milyard $) birbaşa investisiya yönəltməklə üçüncü olub. Xatırladaq ki, Macarıstandan ölkəmizə yönləndirilən ən böyük birbaşa investisiya 2023-cü ildə 197 451 991 dollar (197,5 milyon $) həcmində olmuşdu.
2024-cü ildə Azərbaycan iqtisadiyyatına cəlb olunan birbaşa xarici investisiyaların əsas hissəsi – 90,2%-i son 5 ilin göstəricilərində qeyd olunan 10 ölkənin payına düşüb. Bu ölkələrin Azərbaycana yönləndirdiyi birbaşa investisiyanın həcmi 6 357 273 092 dollar (6,36 milyard $) təşkil edib.

Azərbaycan Respublikasının Mərkəzi Bankının və Gürcüstan Dövlət Statistika Komitələrinin rəsmi məlumatlarına əsasən, 2024-cü ildə Azərbaycan iqtisadiyyatına cəlb olunan birbaşa xarici investisiyaların həcmi Gürcüstanla müqayisədə çox olub.
Ötən il Azərbaycana yönəldilən birbaşa xarici investisiyaların həcmi 2023-cü ilə nisbətən artsa da, qonşu ölkədə kəskin azalma qeydə alınıb.
Rəqəmlərlə ifadə etsək, 2024-cü ildə Azərbaycan iqtisadiyyatına cəlb olunan birbaşa xarici investisiyaların həcmi 2023-cü ilə nisbətən 5,8% artaraq 7,05 milyard dollar (7 046 217 257 $) , Gürcüstanda isə 30% azalaraq 1,33 milyard dollar (1 333 818 169 $) təşkil edib.
Əlavə məlumat üçün bildirək ki, 2024-cü ildə hər iki ölkəyə ən çox birbaşa investisiya yönləndirən ölkə Birləşmiş Krallıq olub. Faiz etibarilə Azərbaycan iqtisadiyyatına yönləndirilən birbaşa investisiyaların 24,8%-i, Gürcüstan iqtisadiyyatına yönləndirilən birbaşa investisiyaların isə 33,6%-i bu ölkə tərəfindən ayrılıb.