2023-CÜ İLDƏ ŞƏRABIN PƏRAKƏNDƏ SATIŞINDA 38,5% VƏ YA 4,9 MİLYON MANAT ARTIM QEYDƏ ALINIB

Media Təhlil Mərkəzinin (MTM) Dövlət Statistika Komitəsinin rəsmi məlumatları əsasında apardığı təhlil göstərir ki, son 5 ildə şərabın pərakəndə satışı ilə bağlı ən yüksək göstərici 2023-cü ildə qeydə alınıb. Həmin il satışdan 17 711 100 manat (17,7 milyon manat) gəlir əldə edilib.

2023-cü ildə şərabın satışında 38,5% və ya 4 927 000 manat (4,9 milyon manat) artım qeydə alınıb.

2024-cü ildə isə şərabın pərakəndə ticarət dövriyyəsi 2023-cü ilə nisbətən 6,3% və ya 1 122 400 manat (1,1 milyon manat) azalaraq 16 588 700 manat (16,6 milyon manat) təşkil edib.

Qeyd edək ki, şampan şərabının pərakəndə satış göstəricilərində şərabın pərakəndə satış göstəricilərindən fərqli olaraq, son 5 ilin hər birində artım müşahidə edilib.

Şampan şərabının pərakəndə satışı üzrə ən yüksək artım 2022-ci ildə 71,8% və ya 1 140 800 manat (1,4 milyon manat) olaraq qeydə alınıb. 2024-cü ildə isə şampan şərabının pərakəndə satışı 2023-cü il ilə müqayisədə 1,6% və ya 50 100 manat (50,1 min manat) artıb.

2024-cü ildə şərab satışının rüblər üzrə göstəricilərini müqayisə etsək görərik ki, ötən ilin II rübündən başlayaraq şərabın pərakəndə satışı növbəti rüblərdə azalıb. Ən az pərakəndə satış göstəricisi 2024-cü ilin son rübündə 4 052 000 manat  (4,1 milyon manat) olaraq qeydə alınıb. Qeyd edək ki, bu göstərici III rüb ilə müqayisədə 2,71% və ya 113 000 manat azlıq təşkil edir.

2024-cü ilin II və III rüblərində şampan şərabının pərakəndə satış göstəricilərində azalma müşahidə edilsə də, ilin son rübündə kəskin artım qeydə alınıb. Daha dəqiq desək, 2024-cü ilin IV rübündə şampan şərabının satış göstəricisi III rüb ilə müqayisədə 32,28% və ya 227 000 manat artım ilə fərqlənib. Bu artımı Yeni il bayramı ilə əlaqələndirmək olar.

Rəsmi rəqəmlər göstərir ki, hər il spirtli içkilərin pərakəndə ticarət dövriyyəsində şərabın pərakəndə satış payı şampan şərabının pərakəndə satış payından daha çox olub. 

2024-cü ildə spirtli içkilərin pərakəndə ticarət dövriyyəsində şərabın satış payı 4,87%, şampan şərabının satış payı isə 0,91% təşkil edib.  

Son 5 ildə spirtli içkilərin pərakəndə ticarət dövriyyəsində şərabın ən yüksək satış pay göstəricisi isə 2020-ci ildə 7,28% ilə qeydə alınıb. Spirtli içkilərin pərakəndə ticarət dövriyyəsində şampan şərabının  ən yüksək pərakəndə satış payı isə 2022-ci ildə 1,22% ilə müşahidə edilib.

Məlumat üçün bildirək ki, 2024-cü ildə ən çox pərakəndə satışı olan spirtli içki 47,83% ilə (163,1 milyon manat) araq olub. İkinci sırada isə 18,69% ilə (63,7 milyon manat) pivə yer alıb. Şərab bu sıralamada 4,87 % ilə (16,6 milyon manat) üçüncü, konyak 3,03% ilə (10,3 milyon manat) dördüncü, şampan şərabı isə 0,91% ilə (3,1 milyon manat) beşinci pillədə yer alıb. Hesabatda adı çəkilməyən digər spirtli içki məhsulları isə toplamda 2024-cü ildə ümumi spirtli içki pərakəndə satışının 24,68 %-ni (84,1 milyon manat) təşkil edib.