15 APREL – DÜNYA İNCƏSƏNƏT GÜNÜDÜR

Əlamətdar gün UNESCO Baş Konfransının Parisdə keçirilən 40-cı sessiyasında təsis olunub. UNESCO bayrağı altında qeyd olunan bu gün incəsənətin inkişafını, yayılmasını və insanlara zövq yaşatmasını təşviq etmək məqsədi daşıyır.
UNESCO-nun rəsmi saytında bununla bağlı yayılan məlumatda qeyd olunur ki, incəsənət, bütün dünyada insanların yaradıcı potensialına, innovasiyalara və mədəni müxtəlifliyə zəmin yaratmaqla bərabər, bilik və bacarıqların mübadiləsində və dialoqun təşviqində mühüm rol oynayır. 15 aprelin “Dünya incəsənət günü” qeyd edilməsi bədii yaradıcılıq və cəmiyyət arasında bağların möhkəmləndirlməsinə kömək edir, incəsənət adamlarının davamlı inkişafa töhfələrini bir daha diqqətə çatdırır. Bu, həmçinin məktəblərdə bədii təhsilin vacibliyini, hər kəs üçün ədalətli və inklüziv təhsilin əhəmiyyətini vurğulamaq üçün daha bir imkandır.
Onu da qeyd etmək lazımdır ki, 15 aprel -Dünya İncəsənət Günü kimi beynəlxalq mədəniyyət təqvimində yeni olsa da, əslində, bu günün mədəniyyətlə bağlı bir tarixi var. İndiyədək 15 aprel dünyada qeyri-rəsmi olaraq “Beynəlxalq mədəniyyət günü” kimi qeyd olunurdu. Bu tarix isə 1935-ci il aprelin 15-də rusiyalı rəssam, arxeoloq və yazıçı Nikolay Rerixin təşəbbüsü ilə Vaşinqtonda “Bədii, elmi müəssisisə və tarixi abidələrin qorunması haqqında” müqavilənin (“Vaşinqton paktı” və ya “Rerix paktı” adlanır) imzalanması ilə bağlı idi.