12 MART – DAXİLİ QOŞUNLAR GÜNÜDÜR

Bu gün Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının yaranmasından 29 il ötür.
Bu illərdə Daxili Qoşunlar dövlətimiz və dövlətçiliyimiz uğrunda, ictimai asayişin qorunması naminə inamla, şərəflə, ləyaqətlə mübarizə aparıb və aparmaqdadır. Qürur hissi ilə deyə bilərik ki, bu gün Daxili Qoşunların maddi-texniki bazası çox yüksək səviyyədədir və Avropa standartlarına tam cavab verir. Bütün bunlar dövlətimizin başçısı İlham Əliyevin Daxili Qoşunların peşə hazırlığının yüksəldilməsi üçün göstərdiyi diqqət və qayğının nəticəsidir.
1991-ci ilin dekabrında sabiq SSRİ Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Bakıda yerləşən 5-ci diviziyası buraxıldı və heyəti 2500 nəfərdən ibarət olan üç hərbi hissə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin tabeliyinə verildi. Həmin vaxtdan Azərbaycan Daxili Qoşunları Biləcəri qəsəbəsində yerləşən hərbi hissənin əsasında yaradılmağa başlandı.
Son illərdə Daxili Qoşunların maddi-texniki bazasının gücləndirilməsi prosesində şəxsi heyətin xidmət şəraitinin yaxşılaşdırılması diqqət mərkəzində saxlanılır. Bu məqsədlə həyata keçirilən tədbirlər nəticəsində bütün hərbi hissələrdə yüksək şəraitin yaradılması istiqamətində xeyli iş görülüb və bu proses indi də davam edir.
Hərbi hissələrdə yaradılan şərait bir daha göstərir ki, Azərbaycanda ordu quruculuğu sahəsində həyata keçirilən mühüm işlər çərçivəsində Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının maddi-texniki bazası, kadr potensialı da əhəmiyyətli dərəcədə möhkəmlənib.
Hazırda Daxili Qoşunların bir çox dövlətlər və beynəlxalq təşkilatlarla əməkdaşlıq əlaqələri vardır. Zabitlərimiz xarici ölkələrdə təhsil alırlar. Bu gün Daxili Qoşunların qarşısında duran başlıca vəzifə ölkədə sabitliyin qorunmasına xidmət etmək, müxtəlif təxribatların qarşısını almaq, vətəndaşların əmin-amanlığını qorumaqdır.