ƏZİZ ƏLƏKBƏRLİ: TÜRKİYƏ QƏRBİ AZƏRBAYCANLILARIN ÖZ YURDLARINA QAYITMASI MƏSƏLƏSİNDƏ DƏ DƏSTƏYİNİ ƏSİRGƏMƏYƏCƏK

Qərbi azərbaycanlıların öz ata-baba yurdlarına qayıtması məsələsində də qardaş Türkiyə öz dəstəyini əsirgəməyəcək.

Bunu jurnalistlərə açıqlamasında Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli deyib.

Onun sözlərinə görə, Qərbi Azərbaycan İcması fəaliyyətə başladığı gündən Türkiyədən qonaqları olub: “Biz onlara icmamızın Qayıdış Konsepsiyası haqqında, qarşımızda duran vəzifələr haqqında ətraflı məlumatlar vermişik”.

İcma sədri bildirib ki, Azərbaycanın 30 illik işğal altında olan torpaqların azad olunması istiqamətində qardaş Türkiyədən siyasi və mənəvi dəstək görmüşük: “Qərbi azərbaycanlıların öz ata-baba yurdlarına qayıtması məsələsində də qardaş Türkiyə öz dəstəyini əsirgəməyəcək”.

Ə.Ələkbərli vurğulayıb ki, Türkiyədə xeyli sayda Qərbi Azərbaycandan didərgin düşmüş soydaşımız yaşayır: “Onlar Türkiyəyə mühacirə edərək orada yaşayırlar. Elə hesab edirik ki, həmin insanların da öz ata-baba yurdlarına qayıtmaq haqq və hüquqları var. Bu bizim və eyni zamanda həm də Türkiyənin məsələsidir. Çünki onlar bu gün Türkiyə vətəndaşlarıdır”.