“ƏXBAR ƏL YOUM” NƏŞRİ: AZƏRBAYCAN PREZİDENTİ QARABAĞDA 8 GÜN ƏRZİNDƏ 10 KƏNDİN TƏMƏLİNİN QOYULDUĞUNU BİLDİRİB

Misirin nüfuzlu “Əxbar Əl Youm” nəşrində “Azərbaycan Prezidenti Qarabağda səkkiz gün ərzində 10 kəndin təməlinin qoyulduğunu bildirib” sərlövhəli məqalə dərc edilib.

Məqalədə Prezident İlham Əliyevin xalqa müraciətindən əsas məqamlar yer alıb. Yazıda qeyd olunub ki, Azərbaycanın dövlət başçısı mayın 2-dən bu günə qədər Qarabağ və Şərqi Zəngəzurda bir çox tədbirlərin keçirildiyini, 10 kəndin təməlinin qoyulduğunu, bir çox açılışların reallaşdığını söyləyib. Misirli oxucuların diqqətinə çatdırılıb ki, Prezident İlham Əliyev deyib: “On günə yaxın Qarabağ və Şərqi Zəngəzurda olarkən bir daha əyani şəkildə görürəm ki, Qarabağ və Şərqi Zəngəzur dirçəlir, yollar, körpülər, tunellər, elektrik stansiyaları, su anbarları, məktəblər, xəstəxanalar, yaşayış binaları, məscidlər inşa edilir, yenidən qurulur və ya təmir olunur, elektrik xətləri çəkilir. Bütün bu quruculuq işlərinin təməlində Azərbaycan xalqının maraqları dayanır”.

Məqalədə, həmçinin qeyd edilib ki, Prezident İlham Əliyev 2022-ci ilin aprelində “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyasının hazırlanması məqsədilə işçi qrupunun yaradılması barədə göstəriş verib. İlk “ağıllı kənd” ötən ilin mayında istifadəyə verilib, Azərbaycan hökuməti 2027-ci ilədək 34 mindən artıq ailənin Qarabağ və Şərqi Zəngəzura köçürülməsini, bu məqsədlə evlərin və infrastruktur obyektlərinin tikilməsini nəzərdə tutur.