“ƏSRİN MÜQAVİLƏSİ”NİN İMZALANMASINDAN 27 İL ÖTÜR

Bu gün “Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında” Dövlət Neft Şirkəti (SOCAR) ilə dünyanın aparıcı neft şirkətləri arasında müqavilə imzalanmasından 27 il ötür. Ümummilli lider Heydər Əliyevin 2001-ci il 16 avqust tarixli Sərəncamına əsasən, müqavilənin imzalandığı tarix – 20 sentyabr Azərbaycanda Neftçilər Günü kimi qeyd olunur.

2002-ci ildə Ulu Öndərin iştirakı ilə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin təməli qoyuldu. Bundan dörd il sonra Azərbaycan nefti BTC kəməri vasitəsilə Ceyhan limanına çatdırıldı. Hazırda bu kəmərin əhəmiyyəti bütün dünyada birmənalı etiraf olunur.

Bu gün Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft boru kəməri, eyni zamanda, ümumilikdə beynəlxalq enerji təhlükəsizliyi sistemi baxımından, eləcə də neft ixracı sahəsində ölkəmizlə uğurlu tərəfdaşlıq edən ölkələr, xüsusilə Mərkəzi Asiya dövlətləri üçün də müstəsna əhəmiyyət kəsb edir.
Kəmərin illik ötürücülük qabiliyyəti 50 milyon tondur ki, bunu da gələcəkdə 60 milyon tona çatdırmaq mümkündür. 1768 kilometr uzunluğa malik BTC boru kəməri 2006-cı ilin iyunundan istismardadır. Hazırda bu kəmərlə Azərbaycandan əsasən AÇG nefti və “Şahdəniz” kondensatı ötürülür. Bundan əlavə, kəmər vasitəsilə Türkmənistan və Qazaxıstan nefti də nəql olunur. İndiyədək Bakı–Tbilisi–Ceyhan boru kəməri ilə 3,66 milyard bareldən çox neft nəql olunub və Ceyhan limanında təqribən 4800 tankerə yüklənərək dünya bazarına göndərilib. Cari ilin yanvar-avqust aylarında bu kəmər vasitəsilə 17 milyon 434,8 min ton Azərbaycan nefti, həmçinin 2 milyon 213,5 min ton tranzit nefti nəql edilib.