ƏSİRLƏRİN “HAMININ HAMIYA” PRİNSİPİ ƏSASINDA DƏYİŞDİRİLMƏSİNƏ BAŞLANILIB.

Dilqəm Əsgərov və Şahbaz Quliyevin vətənlərinə qaytarılması 10 noyabr 2020-ci ildə əldə edilmiş razılaşmalardan biri idi. Bu müqavilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şəxsi təşəbbüsü idi və onun həyata keçirilməsi Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəstəyi və şəxsi müdaxiləsi sayəsində mümkün oldu.
Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatında deyilir ki, dekabrın 14-də əsir və girovların qarşılıqlı qaytarılmasına başlanıb.
Qurum Azərbaycan vətəndaşları olan əsir və girovların, o cümlədən 2014-cü ilin iyulundan erməni girovluğunda saxlanılan Şahbaz Quliyev və Dilqəm Əsgərovun təyyarə ilə Bakıya gətirilməsinin təmin edildiyini bildirib.
Qeyd edək ki, Dilqəm Əsgərov və Şahbaz Quliyev 2014-cü ildə Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülmüşdü. Həsən Həsənov isə güllələnərək öldürülmüşdü.