ƏSAS KAPİTALA YÖNƏLDİLMİŞ İNVESTİSİYALARIN HƏCMİ ARTIR

MTM-in Dövlət Statistika Komitəsinin açıqladığı rəsmi məlumata əsasən apardığı təhlil göstərir ki, 2021-ci il istisna olmaqla son 5 ildə əsas kapitala yönəldilmiş investisiyaların həcmi hər il əvvəlki il ilə müqayisədə artıb.  2021-ci ildə əsas kapitala yönəldilmiş investisiyaların həcmi 16 127 milyon manat təşkil edib və bu, 2020-ci il ilə müqayisədə 5,3% və ya 901,1 milyon manat az olub.
 
2024-cü ildə ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala yönəldilmiş investisiyaların həcmi 5,6% və ya 1 138,5 milyon manat artaraq 21 435,1 milyon manat təşkil edib. 2023-cü ildə isə bu rəqəm 20 296,6 milyon manata bərabər olub.
Məlumat üçün bildirək ki, 2024-cü ildə əsas kapitala yönəldilmiş investisiyaların 61,1%-i
(13 096,8 milyon manat) dövlət, 38,9%-i (8 338,3 milyon manat) qeyri-dövlət sektorunun sərmayədarları tərəfindən qoyulub.

Aparılan təhlil zamanı məlum olub ki, son 5 ildə əsas kapitala yönəldilmiş daxili investisiyaların həcmi  2021-ci il istisna olmaqla hər il artsa da, xarici investisiyaların həcmi 2023-cü il istisna olmaqla hər il azalıb.
2024-cü ildə əsas kapitala yönəldilmiş daxili investisiyaların həcmi son 5 ildə qeydə alınan ən yüksək göstərici olub. Belə ki, sözügedən ildə əsas kapitala yönəldilmiş daxili investisiyaların həcmi 18 145,7 milyon manat təşkil edib və bu göstərici 2023-cü il ilə müqayisədə 10,6% və ya 1 734,2 milyon manat çoxdur.
 
Ötən il əsas kapitala yönəldilmiş xarici investisiyaların həcmi isə 2023-cü il ilə müqayisədə 15,3% və ya 784,3 milyon manat azalaraq 3 289,4 milyon manata bərabər olub. Son 5 ildə əsas kapitala yönəldilmiş xarici investisiyaların həcmi üzrə ən yüksək göstərici (5 117,0 milyon manat) 2020-ci ildə qeydə alınıb.

2020-ci ildə əsas kapitala yönəldilmiş investisiyaların ümumi həcmində daxili mənbələrin xüsusi çəkisi 69,95% təşkil edirdisə, 2024-cü ildə 84,65%-ə bərabər olub.
Xatırladaq ki, əsas kapitala yönəldilmiş xarici investisyalara xarici sərmayədarlar tərəfindən yeni tikintiyə, yenidənqurma və genişləndirmə üzrə tikinti işlərinə, maşın və avadanlıqların əldə edilməsinə sərf edilənlər aiddir. Buraya həmçinin tikinti işlərində istifadə edilmiş xarici kreditlər, qrantlar və humanitar yardımlar hesabına istifadə edilmiş vəsaitlər də daxildir.

2024-cü ildə əsas kapitala yönəldilmiş daxili investisiyaların ümumi həcminin 83,64%-i və ya 15 177,2 milyon manatı qeyri-neft, 16,36%-i və ya 2 968,5 milyon manatı neft-qaz sektoruna ayrılsa da, xarici invesitisiyalarla bağlı göstəricilər tam əksinə olub.
Belə ki, ötən il xarici mənbələrdən əsas kapitala yönəldilmiş investisiyaların 84,22%-i və ya 2 770,2 milyon manatı neft-qaz, 15,78%-i və ya 519,2 milyon manatı isə qeyri neft-qaz sektoruna ayrılıb.
Ötən il əsas kapitala yönəldilmiş investisiyaların ümumi həcminə diqqət etsək, ayrılan maliyyə mənbələrinin 26,8%-i və ya 5 738,7 milyon manatının neft-qaz, 73,2%-i və ya 15 696,4 milyon manatının isə qeyri neft-qaz sektoruna ayrıldığını görərik.