
Səudiyyə Ərəbistanının Londonda nəşr olunan nüfuzlu “əş-Şarq əl-Avsət” qəzetində Bakı Enerji Həftəsi haqqında yazı dərc olunub.
Məqalədə neft sektorunun əhəmiyyətinə toxunulur.
Qeyd olunur ki, Azərbaycan Prezidenti İlham Əliyev neft və qaz sektorunun dünyada davamlı inkişafın gücləndirilməsində strateji rolunu yüksək qiymətləndirir, eyni zamanda, bu sahəyə investisiyaların davam etdirilməsinin dünya enerji tələbatının artan ehtiyaclarını ödəmək baxımından vacibliyini vurğulayır.
Bakı Enerji Həftəsinin əhəmiyyətinə toxunan məqalədə o da bildirilir ki, bu tədbir regionda enerji sahəsində ən önəmli hadisə hesab olunur və hər il qlobal enerji liderlərini bir araya gətirir. Belə ki, bu il Bakı Enerji Həftəsində 39 ölkədən 267 şirkət iştirak edir. Azərbaycanla yanaşı, tədbirdə ABŞ, Çin, Fransa, Almaniya, Hindistan, İtaliya, Yaponiya, Qazaxıstan, Rusiya, Səudiyyə Ərəbistanı, Türkiyə, Ukrayna, Birləşmiş Ərəb Əmirlikləri və sair ölkələr də təmsil olunur.
Qeyd olunur ki, Bakı Enerji Həftəsi çərçivəsində baş tutan üç əsas tədbirdən biri olan 30-cu Yubiley Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi “Caspian Oil and Gas” regionun ən qədim və ən nüfuzlu ixtisaslaşmış sərgilərindəndir. Bu kontekstdə təşkil olunan 13-cü Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi “Caspian Power” isə davamlı və bərpaolunan enerji həllərinə diqqət çəkir. 30-cu Yubiley “Baku Energy Forum”u isə enerji gələcəyinə dair strateji dialoqlar və müzakirələr üçün platformadır.
Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) Baş katibi Heysəm əl-Ğays Prezident İlham Əliyevə və Azərbaycana OPEC və təşkilata daxil olmayan istehsalçılar arasında əməkdaşlıq çərçivəsinin dəstəklənməsinə görə təşəkkür edib. Azərbaycan bu əməkdaşlıq çərçivəsinin 2016-cı ildə yaradılmasından bəri ən fəal iştirakçılardan biridir.
Əl-Ğays Bakı Enerji Həftəsinin qlobal enerji gündəliyinin əsas məsələlərini müzakirə etmək üçün strateji yanaşmasını alqışlayıb. Bu yanaşma 2025-ci ilin 9-10 iyul tarixlərində Vyanada Hofburq Sarayında keçiriləcək OPEC-in 9-cu Beynəlxalq Seminarının prioritetləri və mövzusuna uyğundur.
Qeyd edilir ki, Bakı Enerji Həftəsi 30 il ərzində qlobal enerji sektorunda mühüm hadisə kimi mövqeyini möhkəmləndirib. Tədbir əvvəlcə neft və qaz sərgisi kimi başlayıb, sonradan bərpaolunan enerji, “yaşıl texnologiyalar” və davamlılıq sahələrini də əhatə etməyə başlayıb. Bu inkişaf Azərbaycanın regional və beynəlxalq enerji mərkəzi kimi artan rolunu, enerji təhlükəsizliyinin gücləndirilməsi və daha təmiz enerji mənbələrinə keçidə olan öhdəliyini əks etdirir. Tədbir şirkətlər və hökumətlər arasında əməkdaşlığı asanlaşdırmaqda və sənayedə ən son yenilikləri bölüşmək üçün unikal platforma rolunu oynayır.
Bundan başqa, yazıda Azərbaycan Prezidenti İlham Əliyevlə Səudiyyə Ərəbistanının “ACWA Power” şirkətinin təsisçisi və direktorlar şurasının sədri Məhəmməd Əbunəyyan arasında keçirilmiş görüşə də toxunulur.