
Yüksək inflyasiya və devalvasiya son nəticədə ölkələri ərzaq böhranına sürükləyə biləcək amillər sırasına daxil olub. Bunu BMT-nin sözügedən xüsusda hzırladığı hesabat da təsdiq edir. Düzdür, ərzaq böhranında başqa amillərin də rolu var. Dünyanın müxtəlif yerlərində yaşanan münaqişələr, ekstremal iqlim şəraiti, nəqliyyat-logistika əlaqələrinin pozulması buna misal kimi göstərilə bilər. İndiki şəraitdə isə ərzaq böhranına ən həssas olan ölkələr siyahısına ənənəvi olaraq Afrika, Asiya və Latın Amerikası dövlətləri daxildir.
Ərzaq təminatı məsələsi Azərbaycanda da daim xüsusi diqqət mərkəzində yer alıb. Digər ölkələrdə olduğu kimi son illərdə Azərbaycan üçün də dünyada cərəyan edən proseslər kontekstində bu məsələ əlavə aktuallıq qazanıb. Azərbaycan kənd təsərrüfatı və digər qida məhsulları ilə bağlı bir sıra istiqamətlərdə böyük ölçüdə yerli istehsal hesabına öz tələbini təmin etməyə nail olub. Ölkəmizin daha bir üstünlüyü odur ki, mağazalarda ərzaq məhsullarının fiziki mövcudluğu ilə yanaşı, əhalinin bu məhsulları almaq üçün maliyyə imkanları da yüksəkdir. Halbuki, indi dünyanın bir çox ölkələrində əks mənzərə müşahidə edilir.
Dünyanın həssas regionlarında kəskin ərzaq çatışmazlığı problemi artıq altıncı ildir ki, daha da pisləşir. BMT ekspertləri Qida Böhranları üzrə Qlobal Hesabatda bununla bağlı maraqlı məqamlara diqqət edirlər. Hesabatda 2024-cü il üzrə məlumatların təhlili əsasında vurğulanır ki, hazırda 53 ölkədən 295 milyondan çox insan “kəskin aclıq”la üzləşib. Bu, 2023-cü ildəkindən 13,7 milyon nəfər çoxdur. Hesabatda qeyd olunur ki, beşinci ildir kəskin ərzaq çatışmazlığından əziyyət çəkən əhalinin nisbəti də artaraq 22,6 faizə çatıb. Üstəlik, “fəlakətli aclıq” astanasında olanların sayı rekord həddə – 1,9 milyon nəfərə çatıb ki, bu da 2023-cü ildəkindən iki dəfə çoxdur. Eyni zamanda bu, 2016-cı ildə monitorinqlərin başlanmasından bəri ən yüksək göstəricidir. Uşaqların qida çatışmazlığının kritik səviyyədə qeydə alındığı Yəmən, Mali, Qəzza zolağı və Sudanda vəziyyət xüsusilə dəhşətlidir.
BMT ekspertləri regional ərzaq böhranlarına səbəb olan məqamları da sadalayıblar. Burada əsas hərəkətverici məqamlardan biri münaqişələrdir. Təhlil edilən 65 ölkədən ən azı 20-də 140 milyona yaxın insanı əhatə edən ərzaq böhranının yaranmasında məhz münaqişələr əsas rol oynayıb. Haiti, Mali, Qəzza və Cənubi Sudanda baş verənlər bunun real təzahürlərindən biridir. Digər amil iqlim faktorudur. Məsələn, “El Nino” fenomeni də daxil olmaqla, ekstremal hava hadisələri 18 ölkədə qida böhranına səbəb olub və əsasən Cənubi Asiya, Afrika və Afrika Buynuzu olmaqla 96 milyondan çox insana təsir edib. Nəhayət, BMT-nin fikrincə, digər mühüm amil iqtisadi şoklar, o cümlədən inflyasiya və devalvasiyadır. Hesabat dövründə 15 ölkədə 59 milyondan çox insan bundan zərər çəkib: “2023-cü illə müqayisədə cüzi azalmaya baxmayaraq, bu səviyyə hələ də pandemiyadan əvvəlki səviyyədən demək olar ki, iki dəfə çoxdur. Nəticələr xüsusilə Əfqanıstan, Yəmən, Suriya və Cənubi Sudanda kəskin olub”.
Regiondan asılı olaraq ərzaq inflyasiyası müxtəlif hədlərdə özünü göstərib. Məsələn, Qəzza zolağında ötən il inflyasiya göstəricisi təxminən 450 faiz, Cənubi Sudanda təxminən 390 faiz, Livanda 180 faizdən çox təşkil edib. Syerra-Leonedə və Malavidə bu göstərici 60 faiz olub. Bəzi ölkələrdə ümumi inflyasiya göstəricisi aşağı olsa da, ərzaq inflyasiyası daha yüksək olub. BMT ekspertləri Qvatemala və Ermənistan kimi ölkələri buna əyani missal kimi göstərirlər. Azərbaycana gəlincə, ölkəmizdə vəziyyət dünya miqyasında ən yaxşılar kateqoriyasında yer alıb. 2024-cü ildə Azərbaycanda orta illik inflyasiya 2,2 faiz, o cümlədən qida məhsulları, içkilər və tütün məmulatları üzrə 1,3 faiz, qeyri-qida məhsulları üzrə 1,6 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 4 faiz təşkil edib. Qarşıdakı dövr ərzində də ölkəmizdə ərzaq təminatı və inflyasiyanın əhali üçün ən məqbul həddə saxlanılması həmişəki kimi prioritetlər sırasındadır. Halbuki, dünyanın bir çox ölkələrində yenə fərqli vəziyyət müşahidə olunur.
BMT-nin sözügedən hesabatında da qeyd olunur ki, 2025-ci il üçün perspektivlər bir çox ölkələr üçün ürəkaçan deyil. Ilk növbədə o baxımdan ki, ərzaq böhranlarına adekvat cavab vermək üçün lazım olan humanitar maliyyələşdirmədə indiyə qədər ən kəskin azalma gözlənilir. İqlim şəraiti, tədarük zəncirlərində pozulma və müəyyən kateqoriyalar üzrə idxaldan asılılıq vəziyyəti daha da çətinləşdirir. Ərzaq məhsullarının qiymətlərinin sürətlə artması problemin kəskinləşməsində az rol oynamır. Ölkəmizdə bu istiqamətdə cari ilin ötən dövründə də vəziyyət əhali üçün əlverişli olub. Hesablamalar göstərir ki, bu ilin yanvar-aprel aylarında Azərbaycanda istehlak qiymətləri indeksi ötən ilin eyni dövrü ilə müqayisədə 5,8 faiz, o cümlədən qida məhsulları, içkilər və tütün məmulatları üzrə 6,2 faiz, qeyri-qida məhsulları üzrə 2,7 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 7,7 faiz təşkil edib. İlin sonunda isə bu göstəricilərin daha aşağı hədlə ifadə edilməsi gözlənilir.
Bunlara paralel şəkildə əhalinin pul gəlirləri də artır. Hesablamalar göstərir ki, ötən il ölkə əhalisinin nominal gəlirləri əvvəlki ilə nisbətən 6,4 faiz artıb. Bu məbləğ 83 milyard 93,4 milyon manat və ya hər nəfərə orta hesabla 8144,1 manata bərabər olub. Cari ilin yanvar-aprel aylarında Azərbaycanda əhalinin nominal gəlirləri 26 milyard 277,6 milyon manata bərabər olub ki, bu da ötən ilin eyni dövrünə nisbətən 6,9 faiz çoxdur. Dövlət Statistika Komitəsi bildirir ki, əhalinin adambaşına düşən gəlirləri bu ilin ilk dörd ayında 2568,4 manata bərabər olub ki, bu da ötən ilin eyni dövrünə nisbətən 6,4 faiz çoxdur. Azərbaycanda əhalinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə də müvafiq addımlar atılır. 2024-cü ildə Azərbaycanda əhalinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə dövlət büdcəsi xərclərinin 39 faizi və yaxud 14,6 milyard manatı sosialyönlü xərclərin maliyyələşdirilməsinə yönəldilib. Cari ildə bu göstərici daha yüksək olacaq.
Bütün bunlar ərzaq təminatının ölkəmizdə yüksək səviyyədə təminə zəmin yaradır, əhalinin maddi rifah halınının davamlı yüksəlməsinə gətirib çıxarır.
MTM Analitik Qrup