ƏRDOĞAN DUBAYDA AZƏRBAYCAN PAVİLYONUNU ZİYARƏT EDİB

Birləşmiş Ərəb Əmirliklərində rəsmi səfəri çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Dubayda keçirilən “Expo-2020” sərgisində Azərbaycan pavilyonunu ziyarət edib.

Ziyarət zamanı Türkiyə Prezidenti Xalq artisti Alim Qasımov və qızı Fərqanə Qasımovanın ifasında Azərbaycan mahnılarını dinləyib. Daha sonra Türkiyə dövlət başçısı pavilyonda görülmüş hazırlıq işləri ilə tanış olub.

Qeyd edək ki, Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) keçirilən “Expo 2020 Dubai” beynəlxalq sərgisində Heydər Əliyev Mərkəzinin təşkil etdiyi Azərbaycan pavilyonu da təqdim edilir. Sərgi bu ilin martın 31-dək davam edəcək.

Azərbaycan sərgidə “Gələcəyin toxumları” mövzusu ilə təmsil olunur. Pavilyonun konsepsiyası dəyişikliyin subyekti və obyekti, təşəbbüskarı və əsas aparıcı qüvvəsi olan insan kapitalını əks etdirir. Pavilyonda installyasiya, audio və video materialların vasitəsilə ölkəmizin landşaftının müxtəlifliyi sərgilənir.

Pavilyonda Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda iqtisadi və sosial sahələrdə dayanıqlı inkişaf və innovasiyalar barədə, eləcə də 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində azad edilmiş ərazilərdə tikinti işləri barədə məlumatlar təqdim olunur. Milli pavilyon gündə 10 mindən çox ziyarətçi qəbul edir. Sərgi çərçivəsində pavilyonun səhnəsində müntəzəm olaraq konsertlər və müxtəlif mədəniyyət proqramları keçirilir, ziyarətçilər isə Azərbaycanın tarixi və müasir həyatını izləmək imkanı qazanır.