ƏRƏB PORTALI: AZƏRBAYCAN MANATI GÜCLÜ İQTİSADİYYATIN RƏMZİDİR

Körfəzin ərəb ölkələrinin iqtisadi portalı “M7et” Azərbaycanın milli valyutası haqqında analitik məqalə yerləşdirib.

Məqalədə Azərbaycan manatının 1992-ci il avqustun 15-dən dövriyyəyə buraxıldığı, 2006-cı il yanvarın 1-dən isə denominasiya haqqında Prezident Fərmanına uyğun olaraq yeni nəsil pul nişanlarının tədavüldə olduğu qeyd edilib.

Məqalədə əsginasların üzərindəki qrafik rəsmlər, həmçinin mühafizə elementləri haqqında məlumat verilib. Ərəbdilli oxucuların diqqətinə çatdırılıb ki, Azərbaycan manatı regionda ən sabit pul vahidi kimi qiymətləndirilir. Bunun arxasında isə neft-qaz ixracatçısı, artıq donor ölkəyə çevrilmiş Azərbaycanın iqtisadi gücü dayanır. Hazırkı qlobal böhran şəraitində AZN Körfəzin qüdrətli iqtisadiyyata malik olan ölkələri – BƏƏ, Səudiyyə Ərəbistanı, Qətərin milli valyutaları ilə birlikdə öz sabitliyini qoruyub saxlayır.