ƏRƏB ÖLKƏLƏRİ İLƏ DƏRİNLƏŞƏN ƏMƏKDAŞLIQ AZƏRBAYCANIN QEYRİ-NEFT SEKTORUNUN İNKİŞAFINA YENİ TƏKAN VERİR

Azərbaycanın həyata keçirdiyi iqtisadi strategiyanın əsas istiqamətlərindən biri qeyri-neft/qaz sektorunun dinamik inkişafına nail olunmasıdır. Ötən illər ərzində bu istiqamətdə mühüm nailiyyətlərə imza atılıb və hazırda ölkə iqtisadiyyatının hərəkətverici qüvvəsi qismində məhz qeyri-neft/qaz sektoru çıxış edir. Bu baxımdan sənaye, kənd təsərrüfatı, logistika, turizm, informasiya texnologiyaları,  emal və digər sahələrin inkişafı dövlət siyasətinin prioritetinə çevrilib. Qeyri-neft sektorunun yüksəlişi daxili tələbin daha çox yerli istehsal hesabına ödənilməsini təmin etməklə yanaşı, ixrac imkanlarını da genişləndirərək ölkənin xarici ticarət balansını daha dayanıqlı edir.

Ötən il ərzində Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 8,5 faiz artaraq 3,6 milyard dollar təşkil edib. 2025-ci ilin yanvar-dekabr aylarında yeyinti məhsulları üzrə ixrac 18,4 faiz artaraq 1,2 milyard dollara bərabər olub. Hesabat dövrü ərzində aqrar məhsullar üzrə ixrac 26,7 faiz artaraq 1 milyard dollara, aqrar-sənaye məhsulları üzrə ixrac isə 314,7 milyon dollara bərabər olub. Bütövlükdə aqrar və aqrar-sənaye məhsullarının birgə ixracı 18,9 faiz artaraq 1,3 milyard dollar təşkil edib.

O da xüsusi qeyd olunmalıdır ki, son illərdə sənaye parklarının və aqroparkların yaradılması, ixracyönümlü müəssisələrin təşviqi, sahibkarlığa dövlət dəstəyi mexanizmlərinin genişləndirilməsi qeyri-neft məhsullarının istehsal həcmini artırıb. Xüsusilə kənd təsərrüfatı məhsulları, qida sənayesi, kimya və yüngül sənaye malları xarici bazarlara çıxarılmağa başlanıb. “Made in Azerbaijan” brendinin təşviqi çərçivəsində müxtəlif ölkələrdə sərgilər və biznes forumlar təşkil olunur. Bu proses ixracın coğrafiyasını genişləndirir və Azərbaycan məhsullarının yeni bazarlara çıxışını təmin edir.

Qeyri-neft sektorunun inkişafında əsas məsələlərdən biri yeni və perspektivli bazarların tapılmasıdır. Bu kontekstdə ərəb ölkələri xüsusi əhəmiyyət kəsb edir. Yaxın Şərq və Körfəz regionu yüksək alıcılıq qabiliyyətinə malik bazarlar olmaqla yanaşı, ərzaq təhlükəsizliyi və idxaldan asılılıq baxımından xarici tərəfdaşlarla əməkdaşlığa açıqdır. Azərbaycan isə kənd təsərrüfatı və qida məhsulları sahəsində rəqabətqabiliyyətli istehsal imkanlarına malikdir. Müxtəlif aqrar mallar ərəb bazarlarında böyük potensiala sahibdir. Ərəb ölkələri özləri də Azərbaycandan kənd təsərrüfatı və digər məhsulların idxalında maraqlıdır.  Bunu Bakıda keçirilən Azərbaycan-Birləşmiş Ərəb Əmirlikləri qida və kənd təsərrüfatı üzrə işgüzar dəyirmi masa kontekstində də görmək mümkündür.

Sözügedən ölkənin iqlim dəyişikliyi və ətraf mühit naziri Amna bint Abdullah Al Dahak tədbirdə diqqətə çatdırıb ki, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ilə Azərbaycan arasındakı əlaqələr yüksələn xətlə inkişaf edir: “İki ölkə arasındakı münasibətlərdə iqtisadi əlaqələr xüsusi yer tutur. Ölkələrimiz arasında Hərtərəfli Strateji Tərəfdaşlıq üzrə Əməkdaşlıq sazişinin imzalanması əlaqələrimizin inkişafının yeni mərhələsi hesab edilə bilər”. Onun sözlərinə görə, ötən il BƏƏ-Azərbaycan qeyri-neft ticarətinin həcmi 2,4 milyard dollara yüksəlib ki, bu da 43 faiz artım deməkdir: “Eyni zamanda, BƏƏ və Azərbaycandan olan investisiyaların ümumi həcmi 1 milyard dollar təşkil edir. Hərtərəfli Strateji Tərəfdaşlıq üzrə Əməkdaşlıq sazişi və davam edən danışıqlar sayəsində biz bunu xüsusilə kənd təsərrüfatı və ərzaq sektorunda daha da inkişaf etdirməyi hədəfləyirik… Azərbaycan kənd təsərrüfatı sahəsində inkişaf edib. BƏƏ isə yüksək texnologiyalı, “ağıllı kənd təsərrüfatı”na və güclü logistika imkanlarına malikdir”. Öz növbəsində İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev diqqətə çatdırıb ki, Azərbaycan və BƏƏ arasında biznes əlaqələrinin genişləndirilməsi üçün böyük potensial mövcuddur: “Hər iki dövlətin biznes strukturları arasında qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri tərəflərə gəlir və etimad qazandıra bilər. Ölkələrimiz arasındakı münasibətlərin yüksələn xətlə inkişafı biznes üçün olduqca əlverişli imkanlar açır”. Onun sözlərinə görə, hər iki ölkə arasında, xüsusilə qida sənayesi və kənd təsərrüfatı sahələrində əməkdaşlığın genişləndirilməsi üçün əlverişli imkanlar var: “Bu imkanlardan istifadə edib ticarət və biznesi daha da genişləndirmək mümkündür. Bu dəyirmi masanın da məqsədi hər iki ölkənin iş adamları və biznes strukturları arasında əlaqələri artırmaqdan ibarətdir”.

Bəllidir ki, Azərbaycan əlverişli iqlim şəraiti, münbit torpaqları və zəngin aqrar ənənələri ilə regionda kənd təsərrüfatı istehsalı üçün geniş imkanlara malikdir. BƏƏ isə təbii-iqlim şəraitinə görə kənd təsərrüfatı məhsullarının böyük hissəsini idxal edən ölkədir. Səhralıq ərazilərin üstünlük təşkil etməsi və su ehtiyatlarının məhdudluğu yerli istehsalın genişlənməsinə mane olur. Buna görə də BƏƏ hökuməti ərzaq təhlükəsizliyini təmin etmək məqsədilə xarici ölkələrlə uzunmüddətli ticarət və investisiya əməkdaşlığı qurmağa xüsusi önəm verir. Azərbaycan bu baxımdan etibarlı və coğrafi baxımdan əlverişli tərəfdaş kimi çıxış edir.

İki ölkə arasında kənd təsərrüfatı məhsulları üzrə ticarətin genişlənməsi xüsusilə meyvə və tərəvəz ixracında özünü göstərir. Azərbaycan məhsulları təbii və keyfiyyətli olması ilə seçilir ki, bu da yüksək alıcılıq qabiliyyətinə malik BƏƏ bazarında rəqabət üstünlüyü yaradır. Ticarətin genişlənməsində logistika imkanları mühüm rol oynayır. Azərbaycan beynəlxalq nəqliyyat dəhlizlərinin üzərində yerləşməklə məhsulların qısa müddətdə Körfəz limanlarına çatdırılmasını təmin edə bilir. Hava və dəniz daşımalarının inkişafı kənd təsərrüfatı məhsullarının keyfiyyətini qorumaqla vaxtında çatdırılmasına şərait yaradır. Bu isə xüsusilə tez xarab olan məhsullar üçün vacib amildir. Eyni zamanda, kənd təsərrüfatı məhsullarının emalı və qablaşdırılması sahəsində əməkdaşlıq əlavə dəyər yaradır. Sadəcə xammal ixracı deyil, emal olunmuş və markalaşdırılmış məhsulların BƏƏ bazarına çıxarılması Azərbaycanın ixrac gəlirlərini artırmaqda mühüm rol oynamaq iqtidarındadır.

Bütün bunlar fonunda ölkəmizdə qeyri-neft sektorunun inkişafı, ixrac imkanlarının genişlənməsi Azərbaycana çoxsaylı üstünlüklər qazandırır. Ərəb ölkələri ilə əməkdaşlıq bu baxımdan strateji əhəmiyyət daşıyır, çünki bu region həm maliyyə resursları, həm də geniş istehlak bazarı baxımından böyük potensiala malikdir. Ümumən isə ərəb ölkələri ilə genişlənən iqtisadi münasibətlər həm ticarət, həm investisiya, həm də texnologiya transferi baxımından mühüm önəmə malikdir. Bu əməkdaşlıq Azərbaycanın regional iqtisadi mövqeyini gücləndirməklə yanaşı, ölkənin qlobal iqtisadi sistemə inteqrasiyasını da sürətləndirir.

MTM Analitik Qrup