
Misir, Səudiyyə Ərəbistanı, Əlcəzair, Sudan, Livan və İraqın qəzet və portallarında 20 Yanvar faciəsi haqqında geniş məqalələr dərc edilib.
Misir-Azərbaycan Dostluq Cəmiyyətinin sədri, tədqiqatçı alim Seymur Nəsirovun müəllifi olduğu məqalədə Qanlı Yanvar hadisələrinin səbəbləri təhlil olunub. Müəllif qeyd edib ki, misirli yazıçı Şeyx Məhəmməd əl-Qazali özünün “Acı həqiqət” kitabında 1990-cı il 20 Yanvar faciəsini Misir xalqının 1919-cu ildə müstəmləkə zülmünə qarşı mübarizəsi ilə müqayisə edib, hər iki xalqın – azadlıq uğrunda meydanlara axışan misirli və azərbaycanlılara qəddarcasına divan tutulduğunu vurğulayıb. Misirli jurnalist Məhəmməd Sələmənin tədqiqat əsərində isə ermənilərin sovet qoşunlarının tərkibində Bakıda dinc əhalinin qətlə yetirilməsində iştirak etdikləri qeyd olunub. Məhz bu qanlı hadisələrdən sonra onlar öz havadarlarının dəstəyi ilə Azərbaycan ərazilərinin 20 faizini işğal edib, həmin torpaqlardakı İslam abidələrini və məscidləri dağıdıblar.
Məqalədə vurğulanıb ki, ərəb ölkələri, o cümlədən Misir yanvarın 20-də dinc azərbaycanlıların qətlə yetirilməsini pisləyiblər. Belə ki, 1990-cı il yanvarın 27-də misirli deputat Əl-Demərdaş Əl-Oqalinin təşəbbüsü ilə Azərbaycanda müsəlmanlara qarşı törədilmiş qırğınla bağlı etiraz bəyanatı yayılıb.
Sonda qeyd olunub ki, Azərbaycan xalqı müstəqilliyinə və azadlığına qovuşdu və 20 Yanvar şəhidlərinin əzmi və mətanəti öz bəhrəsini verdi.