ƏRƏB MEDİASI AZƏRBAYCAN DİPLOMATININ AZAD LAÇIN HAQQINDA MƏQALƏSİNİ DƏRC EDİB

Fələstinin “Səma”, Misirin “Misr əl Yom” və “VDL News” nəşrlərində Azərbaycanın Dubay Əmirliyində baş konsulu Cavidan Hüseynovun işğaldan azad olunmuş Laçın rayonu barədə məqaləsi dərc edilib.

Məqalədə erməni quldur dəstələrinin 30 ilə yaxın müddətdə Laçın şəhəri və kəndlərdə törətdikləri vəhşiliklər, qətliamlar və vandal əməlləri haqqında ətraflı məlumat verilib.

Müəllif qeyd edib ki, ermənilər Cenevrə konvensiyasının müddəalarını kobudcasına pozaraq Laçın bölgəsində Azərbaycan kəndlərinin və şəhərlərinin adlarını, buradakı demoqrafik situasiyan dəyişib, rayonun zəngin təbii sərvətlərini talan edib, 200-dən artıq tarixi mədəniyyət abidəsi və məbədləri, o cümlədən qədim Alban kilsəsini dağıdıb və ya təhqir edib, XIV əsrə aid Malik Əjdər türbəsini, Qaraqışlaq kəndində məscidi və Zabuxda qəbiristanlığı viran qoyublar. Hələ 1992-ci ildə Amerikanın “The Times” nəşri Laçın şəhərinin quldur erməni dəstələri tərəfindən yandırılması və dağıdılması haqqında məqalə dərc etmişdi.

Məqalədə bildirilib ki, İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusunun şanlı Zəfərindən -2020-ci il noyabrın 10-da Ermənistan ordusunun kapitulyasiyasından sonra Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanmış üçtərəfli Bəyannamədə Laçının Azərbaycana qaytarılması maddəsi də əks olunub, bu yaxınlarda isə Laçın şəhərində və kəndlərində Azərbaycan bayrağı dalğalanıb, bu bölgə Ordumuzun tam nəzarətinə keçib. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunmuş Qarabağda irimiqyaslı bərpa-quruculuq işləri aparılır və bu proses Laçında da davam edir. Eyni zamanda, rəsmi Bakı Ermənistanla sülh müqaviləsinin imzalanması, regionda nəqliyyat dəhlizləri və kommunikasiyaların açılması təşəbbüsləri ilə çıxış edib, bu bölgənin sülh və inkişafı məkanına çevrilməsi istiqamətində fəaliyyətləri davam etdirir.