
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin (bundan sonra – Xidmət) mərkəzi laboratoriyasının əsasında Xidmətin tabeliyində “Əməyin Mühafizəsi Mərkəzi” publik hüquqi şəxs yaradılır.
Bu barədə Prezident İlham Əliyev fərman imzalayıb.
Mərkəz işəgötürənlərə əməyin mühafizəsi və iş yerlərinin attestasiyası sahələrində xidmətlər göstərən, eləcə də bu sahələrdə təlimlər keçirilməsini, məsləhət verilməsini və metodiki dəstəyi təmin edən publik hüquqi şəxsdir.
Mərkəzin təsisçisinin “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsində qeyd edilən səlahiyyətlərini Mərkəzin nizamnaməsinin təsdiq olunması, nizamnamə fondunun miqdarının müəyyən edilməsi və onlarda dəyişiklik edilməsi, idarəetmə orqanlarının yaradılması, strukturunun, əməyin ödənişi fondunun, işçilərin say həddinin və onların əməkhaqlarının məbləğinin (vəzifə maaşının, vəzifə maaşına əlavələrin, mükafatların və digər ödənişlərin) təsdiqi, habelə Mərkəzin yenidən təşkili və ləğvinə münasibətdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, digər məsələlərə münasibətdə isə Xidmət həyata keçirir.
