ƏMƏLİYYAT-TAKTİKİ FAKÜLTƏNİN 2-Cİ KURS DİNLƏYİCİLƏRİNİN BURAXILIŞ MƏRASİMİ KEÇİRİLİB

Milli Müdafiə Universitetinin Hərbi İdarəetmə İnstitutunda Əməliyyat-taktiki fakültənin 2-ci kurs dinləyicilərinin buraxılışına həsr olunan mərasim keçirilib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü, ölkəmizin müstəqilliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Milli Müdafiə Universitetinin rektoru kursu bitirən zabitləri müdafiə naziri general-polkovnik Zakir Həsənovun və digər rəhbər heyət adından təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar və yeni müvəffəqiyyətlər arzulayıb.

Qeyd edilib ki, Azərbaycan Ordusunun peşəkar və dövrün tələblərinə uyğun zabit kadrlarının hazırlanması Ali Baş Komandanın ordu rəhbərliyi qarşısında qoyduğu prioritet məsələlərdən biridir. Hazırda hərbi təhsil sistemində aparılan islahatların, görülən işlərin Ordumuzun döyüş qabiliyyətinin və intellektual potensialının yüksəldilməsi məqsədi daşıdığı xüsusi vurğulanıb.

Daha sonra kurs birincisi tərəfindən yaş kötüyünə simvol vurulub və məzunlara nişanlar, sertifikatlar təqdim edilib.