Noyabrın 28-də Xətai Sənət Mərkəzində “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində elan olunmuş “Əllərin sehri” yaradıcılıq müsabiqəsinin yekun sərgisi açılacaq. Müsabiqə Mədəniyyət, Elm və Təhsil nazirlikləri, AzTV, Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Rəssamlıq Akademiyasının dəstəyi, Rəssamlar İttifaqı, Dövlət Rəsm Qalereyası, Xətai Uşaq Sənəti Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə keçirilib.
Müsabiqənin məqsədi heykəltaraşlıq sahəsində fəaliyyəti olan gənclərin yaradıcılıq ruhunun yüksəldilməsi və asudə vaxtlarının səmərəli təşkilidir.
Müsabiqəyə ölkəmizin müxtəlif bölgələrindən 300-ə qədər uşaq, yeniyetmə və gənc, həmçinin bir neçə yuxarı yaş qrupunun nümayəndəsi fərqli materiallardan hazırlanmış heykəltaraşlıq nümunəsi təqdim edib. Bu əl işləri arasından 140 müəllifin 160-a yaxın əsəri sərgi üçün seçilib.
Sərgi iştirakçıları sertifikatlarla, ən az 3 iştirakçı ilə yekun sərgidə təmsil olunan yaradıcılıq müəssisələri isə təşəkkürnamələrlə təltif olunacaq. Sərgidə seçilən ən yaxşı 20 əsər Xətai Sənət Mərkəzində 2 həftə ərzində nümayiş etdiriləcək.