ƏLCƏZAİRLİ JURNALİST “ŞURUQ” QƏZETİNDƏ QARABAĞLA BAĞLI TƏƏSSÜRATLARINI BÖLÜŞÜB

Azərbaycanda səfərdə olan əlcəzairli jurnalist Əbdüsalam Sakiyə nüfuzlu “Şuruq” qəzetində Qarabağla bağlı təəssüratlarını bölüşüb.
“Azərbaycan torpaqların işğaldan azad edilməsindən sonra. Quruculuq işləri və müdafiə tədbirləri” sərlövhəli məqalədə işğaldan azad olunmuş ərazilərimizdə aparılan tikinti və quruculuq işləri, ermənilərin minaladığı ərazilərin təmizlənməsi, yeni infrastruktur layihələri, o cümlədən Zəfər Yolu və Füzuli Beynəlxalq Hava Limanı, dağıdılmış məscidlərin bərpası, Zəngilanda “ağıllı kənd” layihəsi barədə ətraflı məlumat verilib. Müəllif diqqətə çatdırıb ki, bütün bu quruculuq işləri ilə yanaşı, Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrinin hələ də davam edən təxribatlarına cavab verir. O, sentyabrın 12-də gecə saatlarında sərhəddə baş vermiş insidentlə bağlı əlcəzairli oxucuları məlumatlandırıb, xüsusi olaraq qeyd edib ki, Azərbaycanın dayanıqlı sülhə nail olunması istiqamətində səylərinə rəğmən, qarşı tərəfin destruktiv fəaliyyəti bu prosesə zərbə vurur.
Məqalədə Hərbi Qənimətlər parkı, Şəhidlər xiyabanı, Gəncədə erməni silahlı qüvvələrinin raket atəşinə tutduğu və uşaqlar da daxil olmaqla mülki əhalini qətlə yetirdiyi ərazidən də bəhs olunub.