Əlcəzairin “Əl Şuruğ” portalında Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın Füzuli aeroportunun açılışında iştirakı, iki qardaş ölkənin işğaldan azad edilmiş ərazilərdə çiyin-çiyinə bərpa-quruculuq işləri aparması barədə məqalə yayımlanıb. Məqalədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın təyyarəsinin işğaldan azad edilmiş Füzuli şəhərində cəmi 8 ay ərzində inşa olunan aeroporta endiyi bildirilir. Qeyd edilir ki, bu mühüm hava limanını iki qardaş ölkənin şirkətləri birlikdə inşa ediblər. Bu, Azərbaycan-Türkiyə birliyinin daha bir nümunəsi, birgə uğurudur. Bakı və Ankara hər zaman bir-birini dəstəkləyiblər.Diqqətə çatdırılıb ki, işğaldan azad edilmiş Zəngilan rayonunda Türkiyənin dövlət başçısının səfəri çərçivəsində ilk birgə özəl investisiya layihəsinin də təməli qoyulub. “Dost Aqropark” layihəsi türk və azərbaycanlı sərmayədarlar tərəfindən həyata keçiriləcək. Bundan başqa, adətən paytaxt şəhərlərdə keçirilən rəsmi qarşılanma mərasimi bu dəfə Zəngilanın Ağalı kəndində olub. İki qardaş ölkənin liderləri artıq Şuşa və Füzulidə, həmin gün isə Zəngilanda təkbətək görüşlər keçiriblər.Məqalədə qeyd olunub ki, 44 günlük müharibədə Azərbaycanı dəstəkləyən Türkiyə, bu gün də Ermənistanın dağıtdığı şəhərlərimizin bərpası və rekonstruksiyasında fəal iştirak edir: “Müharibə zamanı qardaş Türkiyə ilə yanaşı, beynəlxalq ictimaiyyət də Azərbaycanın ədalətli mübarizəsini dəstəklədi. Bu, Azərbaycan xalqına böyük siyasi və mənəvi güc verdi. Özünün gərgin iş qrafikinə rəğmən Türkiyə Prezidentinin Azərbaycana səfərləri xalq tərəfindən böyük rəğbət və ruh yüksəkliyi ilə qarşılanır. Bu, əsl dostluğun təzahürüdür və qardaşlığın əbədi olmasına dair bütün dünyaya verilən bir ismarıcdır. Bu gün Azərbaycan və Türkiyə arasında sıx əməkdaşlıq regional sülhün və sabitliyin mühüm amilidir və dünya mətbuatının diqqət mərkəzindədir. Türkiyə Prezidenti bütün türk dünyasının maraqlarını müdafiə edən bir liderdir. Noyabrda Azərbaycan Türk Şurasında sədrliyi qardaş ölkəyə təhvil verəcək. Əminliklə deyə bilərik ki, Türkiyənin sədrliyi uğurlu olacaq. Azərbaycan-Türkiyə əməkdaşlığı isə bütün türk dünyası üçün yeni imkanlar yaradacaq”.