ƏLCƏZAİR PORTALI: AZƏRBAYCAN “MADE İN QARABAĞ” BRENDİNİ DÜNYAYA TƏQDİM EDƏCƏK

Əlcəzairin “Əl Hərir” portalında “Azərbaycan “Made in Qarabağ” brendini dünyaya təqdim etməyə hazırlaşır” sərlövhəli məqalə yayımlanıb.
Məqalədə Azərbaycanın 44 günlük müharibə nəticəsində erməni işğalından azad etdiyi Qarabağ torpaqlarına insanların qayıdışının həyata keçirildiyi, “Böyük qayıdış” adlı bu proqramın əsas məqsədlərindən birinin 30 il işğal altında qalmış ərazilərdə iqtisadiyyatın yenidən qurulması və inkişafı olduğu qeyd edilib.
Yazıda diqqətə çatdırılıb ki, Qarabağın təqribən 11 min kvadratkilometr azad olunmuş ərazisi qeyri-neft sektorunun inkişafı üçün geniş potensiala malikdir və tezliklə kənd təsərrüfatı təyinatlı münbit torpaqlara çevriləcək. Bu, Azərbaycan dövlətinin qarşısında duran ən mühüm strateji vəzifədir. Prezident İlham Əliyevin imzaladığı müvafiq sənədə əsasən, işğaldan azad edilmiş torpaqlar Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında birləşdirilib, hər iki rayonda iqtisadiyyatın tarixən formalaşmış ənənələrə uyğun olaraq inkişafı nəzərdə tutulub. Mütəxəssislər bildirirlər ki, Qarabağ və Şərqi Zəngəzur bölgəsinin böyük kənd təsərrüfatı potensialı sayəsində Azərbaycanın ərzaq təhlükəsizliyini gücləndirmək mümkündür, çünki bu yerlərin təbiəti və bitki örtüyü, torpaq-iqlim şəraiti, su ehtiyatları, coğrafi mövqeyi aqrar sektorun inkişafına əlverişli şərait yaradır. Belə ki, bu ərazilərdə heyvandarlıq, arıçılıq, üzümçülük, baramaçılıq, pambıqçılıq, taxılçılıq, tərəvəz və meyvəçilik, quşçuluğun geniş potensialı mövcuddur.
Sonda vurğulanıb ki, oktyabrın 20-də Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan tərəfindən iki qardaş ölkənin müştərək müəssisəsi olan “Dost Aqropark” ağıllı kənd təsərrüfatı kompleksinin birinci mərhələsinin açılışı bu istiqamətdə mühüm addım olub.