ƏHMƏDBƏYLİ-FÜZULİ-ŞUŞA YOLUNUN BEYNƏLXALQ NORMALARA UYĞUN TİKİNTİSİ YEKUNLAŞIR

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na əsasən, Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikintisi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən aparılaraq yekunlaşdırılır.

Bununla bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

Mövcud yolun uzunluğu 101, yeni yolun uzunluğu isə 81,7 kilometrdir. Yeni yol 19,3 kilometr qısadır.

I texniki dərəcəyə malik yolun ilk 48 km-i 6, qalan 33.7 km-i isə 4 hərəkət zolaqdan ibarət olmaqla inşa olunub. Müvafiq olaraq yol yatağının eni 29.5 m və 21.5 m təşkil edir.

Yolun texniki göstəriciləri aşağıdakı kimidir:
– Yolun uzunluğu – 81.74 km;
– Yolun texniki dərəcəsi – I;
– Hərəkət zolaqlarının sayı – 4-6 ədəd;
– Hərəkət zolağının eni – 3.5 m;
– Torpaq yatağının eni – 21.5-29.5 m;
– Hərəkət hissəsinin eni – 14-21 m;
– Yol çiyinlərinin eni – 1.5-2 m;
– Ayrıcı zolağın eni – 2 m.

Yolun konstruksiyası aşağıdakı kimidir:
– Hamarlayıcı lay optimal tərkibli qum-çınqıl qarışığı – 23 sm
– Əsasın alt layı (subbase, optimal tərkibli qum-qırmadaş qarışığı) – 20 sm
– Əsasın üst layı (base, fraksiyalı pazlanmış qırmadaş) – 20 sm
– Yol geyiminin alt qatı (bitumlu təməl, iridənəli a/b) – 16 sm
– Yol geyiminin alt qatı (binder, iridənəli a/b) – 7 sm
– Yol geyiminin üst qatı (xırda dənəli a/b) – 5 sm

Layihə çərçivəsində qazma və dolğu işləri, yol yatağı və yol əsasının inşasıasfalt-beton örtüyünün aşınma layına qədər döşənməsi işləri icra olunaraq yekunlaşdırılıb.

Yol boyu müxtəlif diametrli 191 dairəvi və düzbucaqlı suötürücü boru, 76 yeraltı və ehtiyat keçid, 1 qovşaq, 11 körpü, 7 tunel və 9 viaduk inşa edilib.

Körpülərin ümumi uzunluğu 1557 metr, viadukların uzunluğu 1965 metr, tunellərin ümumi uzunluğu isə (sağ və sol istiqamət) 12 700 metrə yaxındır.

Viadukların 3-nün tikintisi zamanı Azərbaycanda ilk dəfə olaraq aşırım qəliblərin üfüqi sürüşdürülməsi üsulu ilə betonlama işləri yerinə yetirilib:
– 1-ci viaduk – 57 km-də, 185 m;
– 2-ci viaduk – 61.6 km-də, 250 m;
– 3-cü viaduk – 62.5 km-də, 295 m;
– 4-cü viaduk – 65.1 km-də, 146 m;
– 5-ci viaduk – 69.67 km-də, 118 m;
– 6-cı viaduk – 70.2 km-də, ortalama 140 m (sol-70 m, sağ-210 m);
– 7-ci viaduk – 78.7 km-də, 295 m;
– 8-ci viaduk – 79.3 km-də, 158 m;
– 9-cu viaduk – 79.7 km-də, ortalama 378 m (sol-410 m, sağ-350 m).

İnşa edilmiş tunellərdə qaya qruntlardan ibarət hissələrin kənarlaşdırılması qazma, partlatma və qırıcı üsullarla aparılıb:
– 1-ci Tunel – 53.9 km-də, ortalama 3302 m (sol 3275 m, sağ 3330 m);
– 2-ci Tunel – 69.9 km-də, ortalama 322.4 m (sol 351.6 m, sağ 293.2 m);
– 3-cü Tunel – 71.55 km-də, ortalama 532.9 m (sol 515.6 m, sağ 550.2 m);
– 4-cü Tunel – 73.7 km-də, ortalama 680.2 m (sol 679.8 m, sağ 680.6 m);
– 5-ci Tunel – 77.7 km-də, ortalama 540.1 m (sol 570 m, sağ 510.2 m);
– 6-cı Tunel – 78.35 km-də, ortalama 454.2 m (sol 431 m, sağ 477.4 m);
– 7-ci Tunel – 80.6 km-də, ortalama 512.6 m (sol 525.8 m, sağ 499.4 m).

Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikintisi layihəsi çərçivəsində daş divar, geodivar və beton istinad divarı olmaqla ümumi uzunluğu 31 800 metr olan divarlar inşa edilib, 69 200 metr uzunluğunda drenaj xətti çəkilib, 256 000 metr uzunluğunda kanallar qurulub.

Hazırda layihə boyu son tamamlanma işləri görülür, asfalt-beton örtüyünün aşınma layının döşənməsi işləri icra olunur. Bundan başqa yol boyu dəmir-beton baryerlərin, əyrixətli metal sədd çəpərlərininişıqlandırma qurğularının və yol avadanlıqlarının quraşdırılması, yolun üfiqi nişanlanma xətlərinin çəkilişi, istirahət və parkinq yerlərinin tikintisi davam etdirilir.

Tikinti işləri “İnşaat Norma və Qaydaları”nın tələblərinə və beynəlxalq magistral normalarına uyğun həyata keçirilir. İşlərin vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika səfərbər olunub.

Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolu başlanğıcını M6 Hacıqabul-Horadiz-Ağbənd-Zəngəzur dəhlizi magistral avtomobil yolundan götürməklə işğaldan azad edilmiş Füzuli, Xocavənd, Xocalı və Şuşa rayonlarını birləşdirir.