İyulun 22-də Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda keçirilən 2-ci Şuşa Qlobal Media Forumunun yekunları ilə bağlı brifinq keçirib.
Brifinqdə Əhməd İsmayılov Prezident İlham Əliyevin tədbir iştirakçıları ilə görüşünün Foruma göstərilən böyük diqqətin əyani təsdiqi olduğunu bildirib, dövlətimizin başçısına media ictimaiyyəti adından təşəkkür edib.
Forumun artıq ənənəyə çevrildiyini və hər il dünyanın müxtəlif ölkələrindən gələn çoxsaylı qonaqlara ev sahibliyi etdiyini vurğulayan icraçı direktor builki müzakirə mövzularının əhəmiyyətinə də diqqət çəkib. O, müasir informasiya mühitində dezinformasiyanın sürətlə yayıldığını və Şuşa Qlobal Media Forumu çərçivəsində çağdaş dünyada dezinformasiya barədə əhatəli təsəvvürün formalaşdırılması, həmçinin bu problemin səbəb olduğu genişmiqyaslı mənfi nəticələrin təhlili ətrafında geniş fikir mübadiləsinin aparıldığını, önəmli mesajların verildiyini vurğulayıb.
Əhməd İsmayılov diqqətə çatdırıb ki, 50 ölkədən 150-dən çox xarici qonağın, o cümlədən 30-a yaxın ölkənin informasiya agentliyinin, 3 beynəlxalq təşkilatın və 82 media qurumunun nümayəndələrinin qatıldıqları Şuşa Qlobal Media Forumu dünya mediası üçün mühüm platforma rolunu oynayır və Forum vasitəsilə Şuşadan dünyaya növbəti dəfə önəmli mesajlar verildi.