ƏDLİYYƏ NAZİRLİYİ PENİTENSİAR XİDMƏTİNİN ÇAĞRI MƏRKƏZİ FƏALİYYƏTƏ BAŞLAYIB

Ədliyyə Nazirliyi Penitensiar xidmətinin 889 – Çağrı Mərkəzinin fəaliyyətə başlaması ilə əlaqədar təqdimatı keçirilib.

Penitensiar Xidmətdən bildirilib ki, Çağrı Mərkəzi IP telefoniya texnologiyaları əsasında zəruri proqram təminatı və texniki infrastrukturla təchiz edilib, üçrəqəmli (012) 889 vahid telefon nömrəsi əldə edilib, əməkdaşlar üçün avtomatlaşdırılmış işçi yerləri quraşdırılıb.

Ədliyyə nazirinin müavini – Penitensiar Xidmətin rəisi ədliyyə polkovniki Mirsaleh Seyidova Mərkəzin fəaliyyəti və iş prinsipi barədə məlumat verilib.

Azərbaycan Prezidenti İlham Əliyevin insanlara layiqli xidmət göstərilməsi və vətəndaşların müraciətlərinə həssaslıqla yanaşılması ilə bağlı tövsiyə və tapşırıqlarına uyğun olaraq, şəffaflığın təmini və innovativ yeniliklərin tətbiqinin vacibliyini qeyd edən nazir müavini Penitensiar Xidmətin fəaliyyəti barədə ictimaiyyətin məlumatlandırılması, vətəndaşların ədliyyə orqanlarına əlçatanlığının təmin olunması, hüquqi maarifləndirilmənin həyata keçirilməsi məqsədilə həm KİV-lər, eləcə də rəsmi sayt və sosial şəbəkələrdəki səhifələrin imkanlarından geniş istifadə olunduğunu vurğulayıb. O, vətəndaşların müraciətlərinə daha çevik qaydada baxılmasının təmin edilməsində yeni yaradılmış Çağrı Mərkəzinin mühüm əhəmiyyət daşıyacağını bildirib.

Nazir müavini Çağrı Mərkəzinə ilk zəngi edərək onun fəaliyyətinə start verib.

Çağrı Mərkəzi ilə bağlı vətəndaşlara məlumatın verilməsi məqsədilə cəzaçəkmə müəssisələri və istintaq təcridxanalarında müvafiq informasiya lövhələri də yerləşdiriləcək.