ƏDLİYYƏ İŞÇİLƏRİ HEYDƏR ƏLİYEV MƏRKƏZİNİ ZİYARƏT EDİBLƏR

Azərbaycan tarixinin bütöv bir dövrü bu il 100 illiyini qeyd etdiyimiz Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. 1969-cu ilin 14 iyulunda əsası qoyulan Heydər Əliyev yolu Azərbaycanın ildən-ilə güclənərək hərtərəfli inkişafını təmin edir.

Ümummilli Liderin Azərbaycanda siyasi hakimiyyətə gəlişi xalqımızın taleyində misilsiz rol oynayıb və bu, daim ehtiramla xatırlanır, dahi rəhbərin bütün dövrlərdə doğma Vətəninə sədaqətlə xidmətləri dərin minnətdarlıqla qeyd olunur, zəngin irsinə nəzər salınır.

Bu münasibətlə ədliyyə naziri Fikrət Məmmədov və nazirliyin məsul işçiləri Heydər Əliyev Mərkəzini ziyarət ediblər.

Ümummilli Liderin dövlətçilik fəlsəfəsinin və çoxşaxəli irsinin dərindən öyrənilməsini və tədqiqini təşviq edən Mərkəzdə fəaliyyət göstərən Heydər Əliyev Muzeyində ədliyyə işçiləri Ulu Öndərin həm sovet dövründə, həm də ölkəmizin müstəqilliyi illərində fəaliyyəti ilə bağlı nadir eksponatlarla tanış olub, sənədli film izləyiblər.

Dahi rəhbərin 100 illiyi münasibətilə Mərkəzdə təşkil edilmiş “Heydər Əliyev – 100” instalyasiyası ilə tanışlıq ədliyyə işçiləri tərəfindən böyük maraqla qarşılanıb. Nazirliyin kollektivi Heydər Əliyev Mərkəzindən zəngin və yaddaqalan təəssüratla ayrılıblar.

Ədliyyə naziri, həmçinin təyinat alan bir qrup işçilərlə görüş keçirərək Ulu Öndərin mənalı ömür yolundan, dövlətimiz və xalqımız qarşısında misilsiz xidmətlərindən danışıb. Qeyd edib ki, Ulu Öndərin indiki və gələcək nəsillərə əmanəti olan müstəqil Azərbaycan bu gün Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə özünün ən qüdrətli dövrünü yaşayır.

Ulu Öndərin 100 illiyi ilə əlaqədar keçirilən idman yarışlarının qaliblərinə müvafiq təltiflər təqdim olunub, nazirlikdə Ümummilli Liderin mənalı ömür yoluna və titanik fəaliyyətinə həsr olunan foto slaydlar nümayiş etdirilib.