
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında baş tutan görüş regionda uzun müddətdir davam edən münaqişələrin həlli və sülh quruculuğu baxımından əhəmiyyətli dönüş nöqtəsi kimi qiymətləndirilə bilər. Bu görüş təkcə Azərbaycan-Ermənistan münasibətləri üçün deyil, eyni zamanda Qafqazın geosiyasi sabitliyi və beynəlxalq oyunçuların maraqları baxımından da ciddi diqqət doğurur. Belə ki, Rusiya-Ukrayna müharibəsi fonunda Moskvanın Cənubi Qafqazda nüfuzunun zəifləməsi Ermənistanı yeni geosiyasi mərkəzlər axtarmağa vadar edib. Paşinyan hökumətinin Qərbə inteqrasiyanı prioritet kimi müəyyənləşdirməsi və KTMT-yə qarşı mənfi ritorikası bunun bariz nümunəsidir. Bu şəraitdə Birləşmiş Ərəb Əmirlikləri kimi neytral, lakin iqtisadi və diplomatik baxımdan güclü bir ölkənin vasitəçilik təşəbbüsü məntiqli addım kimi qarşılanır.
44 günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabrında keçirilmiş antiterror əməliyyatları nəticəsində Azərbaycan işağldan azad etdiyi torpaqlar üzərində tam suverenliyini bərpa edib. Ermənistanla normallaşma prosesinin davamı üçün indi əsasən Bakının iradəsi və tələbləri istiqamətverici olur. Azərbaycan sülh danışıqlarında prinsipial mövqe sərgiləyir və bu, Paşinyanı kompromislərə vadar edir. Bu kontekstdə daha çox Zəngəzur dəhlizi ilə bağlı məsələlər ön plana çıxır. Bu dəhlizin reallaşması Azərbaycan üçün strateji, iqtisadi və siyasi baxımdan olduqca önəmlidir. Əgər Ermənistan bu məsələdə razılığa gəlməzsə, Azərbaycan alternativ marşrutlar üzərində daha çox dayanacaq. Ancaq o da aydındır ki, Paşinyan razılığa gəlmək üçün təhlükəsizlik zəmanətləri və beynəlxalq təminatlar axtarışındadır.
Azərbaycanın Ermənistandan gözləntiləri aydındır. Bakı Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tam şəkildə tanımasını, öz konstitusiyasında və digər hüquqi sənədlərdə “miatsum” (birləşmə) ideyalarından imtina etməsini, sərhədlərin delimitasiya və demarkasiyasının aparılmasını, Azərbaycana qarşı revanşist əhval-ruhiyyələrə son qoyulmasını, ATƏT-in Minsk qrupunun ləğvi ilə bağlı birgə müraciətin olunmasını tələb edir. Güman olunur ki, qeyd edilən məsələlərin mərhələli şəkildə həll olunması Əbu-Dabi görüşünün əsas müzakirə mövzularıdır. Lakin tərəflərin daha çox Zəngəzur dəhlizi üzərində fokuslanacağı ehtimalı güclüdür. Bir müddət əvvəl Nikol Paşinyanın Ankaraya səfəri zamanı da bu məsələ gündəmə gəlmişdi. Türkiyə də dəhlizin tezliklə açılması ilə bağlı öz qəti mövqeyini ortaya qoymuşdu. İndi tərəflərin dəhlizin formatı və fəaliyyət mexanizmi ilə bağlı detalları müzakirə edəcəyi qaçılmaz reallıq kimi görünür. Güman edilir ki, müzakirələr Ermənistanın dəhliz üzərində gömrük nəzarətini saxlaması, lakin keçidə heç bir süni əngəl yaratmaması barədə gedir. Rusiya və ya digər beynəlxalq tərəflərin müşahidəsi ilə texniki nəzarətin həyata keçirilməsi tərəflərin birgə razılığı əsasında əldə ediləcək. Bundan əlavə, “soft dəhliz” modeli də tətbiq edilə bilər. Belə ki, Azərbaycan və Ermənistan arasında dəmir yolu və avtomobil yolları açılır, lakin bu, beynəlxalq nəqliyyat qanunlarına əsasən tənzimlənir. Bu model, Ermənistanın suverenlik narahatlığını qismən aradan qaldırır. Daha bir məqam dəhlizlə bağlı müzakirələrin ertələnməsi, sülh sazişinin önə plana çıxarılması ilə əlaqədardır. Artıq bu barədə bəzi beynəlxalq dairələr də danışır. Ehtimal olunur ki, sülh sazişi üzərində yekun razılıq 2025-ci ilin sonuna qədər əldə oluna bilər. Sənədin əsas müddəaları ərazi bütövlüyünün qarşılıqlı tanınması, sərhədin delimitasiyası, qarşılıqlı iqtisadi əlaqələrin bərpası ilə bağlı olacaq. Sülh sazişi fonunda Azərbaycan, Ermənistan və Gürcüstanı birləşdirən regional layihələrin inkişafı mümkündür. Bura Orta Dəhliz, Şimal-Cənub nəqliyyat qovşağı, elektrik enerjisi mübadiləsi və turizm kimi sahələr daxildir. Sülh sazişi imzalandığı təqdirdə Ermənistan öz təhlükəsizlik siyasətini Rusiya mərkəzli orbitdən Qərb və region ölkələrinə yönəltməyə daha da meyilli olacaq. Bu, Ermənistanın həm daxili, həm də xarici siyasətinə təsir edəcək. Bütün bunları nəzərə alaraq deyə bilərik ki, Əbu-Dabi görüşü yalnız diplomatik görüş təsiri bağışlamır. Bu görüş əslində post-müharibə Qafqazında formalaşmaqda olan yeni siyasi düzənin mühüm mərhələsidir. Azərbaycan Prezidentinin danışıqlardakı sabit və ardıcıl mövqeyi, Ermənistan Baş nazirinin isə dəyişən siyasi kursu fonunda bu görüş sülh sazişinə doğru atılmış ciddi bir addım kimi qəbul olunmalıdır. Bütün regional və beynəlxalq aktyorlar üçün isə Qafqazda sabitlik naminə imkan pəncərəsidir.
MTM Analitik Qrup