TÜRKİYƏDƏ KORONAVİRUS MƏHDUDİYYƏTLƏRİ XARİCİ TURİSTLƏRƏ ŞAMİL OLUNMAYACAQ

Türkiyədə aprelin 29-dan mayın 17-nə qədər tətbiq olunacaq məhdudiyyətlər çərçivəsində küçəyə çıxma qadağası xarici turistlərə şamil edilməyəcək.
Anadolu agentliyinin xəbərinə görə, bu barədə Türkiyə Daxili İşlər Nazirliyi məlumat yayıb.
“Müvəqqəti turist fəaliyyəti ilə ölkəmizdə olan əcnəbilər komendant saatı məhdudiyyətlərindən azad edilib. Yaşayış icazəsinə malik xarici ölkə vətəndaşları isə komendant saatı rejiminin təsiri altına düşür”, – deyə sənəddə qeyd olunur.
Bir qədər öncə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkədə koronavirusla bağlı vəziyyət səbəbindən aprelin 29-u yerli vaxtla saat 19:00-dan mayın 17-si səhər saat 5:00-a qədər sərt məhdudiyyətlər rejimi elan edib. Bu müddət ərzində Daxili İşlər Nazirliyinin siyahıdan çıxardığı sahələr istisna olmaqla, bütün təşkilat və müəssisələr öz fəaliyyətini məhdudlaşdıracaq. Şəhərlərarası səfərlər isə yalnız hakimiyyət orqanlarından alınan icazə əsasında həyata keçiriləcək.
Həmçinin məhdudiyyətlər rejimi dövründə ərzaq mağazaları və bazarlar bazar ertəsindən şənbə gününədək səhər saat 10:00-dan 17:00-a qədər fəaliyyət göstərəcək. Vətəndaşlar ora yalnız piyada gedəcək. Həmin günlər kafe və restoranlar evə çatdırılma ilə məşğul ola biləcək. Otellərdəki restoranlar isə yalnız otel sakinlərinə xidmət göstərəcək.
Pandemiyanın statistikasını aparan Worldometer saytının məlumatına əsasən, Türkiyədə aprelin 16-da koronavirusa sutkalıq yoluxma halları pik həddə – 63 min 82 nəfərə çatıb, aprelin 21-də isə maksimum sutkalıq ölüm halı qeydə alınıb – 362 nəfər. Ümumilikdə isə indiyə qədər Türkiyədə 4 milyon 667 mindən çox insan koronavirusa yoluxub, eyni zamanda 4 milyon 121 min insan sağalıb, 38 min 711 nəfər isə infeksiya səbəbindən həyatını itirib.