SERGEY ŞOYQU İRAN BAŞ QƏRARGAH RƏİSİ İLƏ QARABAĞDAKI VƏZİYYƏTİ MÜZAKİRƏ EDİB

Rusiyanın müdafiə naziri Sergey Şoyqu İrana səfər edib.

Şoyqu və İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Baqiri Tehranda keçirilən danışıqlarda Suriya və Əfqanıstandakı vəziyyətlə yanaşı Qarabağla bağlı məsələni də müzakirə edib.

“Bu gün və sabah müzakirə edilməli olan çoxlu məsələlər var. Bura, əlbəttə ki, Suriya, Əfqanıstan və bu gün şimal qonşunuzda – Qarabağda baş verənlər daxildir. Bundan başqa, bura təhsil, təcrübə mübadiləsi, nümayəndə heyətlərinin mübadiləsi, birgə dəniz təlimləri daxildir. Görüşümüzü Rusiya və İran arasında strateji tərəfdaşlığın möhkəmləndirilməsi istiqamətində növbəti addım hesab edirəm. Bu gün bizim ikitərəfli hərbi əməkdaşlığın cari məsələlərini ətraflı müzakirə etmək imkanımız var”, deyə Şoyqu qeyd edib.

Qeyd edək ki, üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanılıb.