NASA-ın eksperti, “Şərq-Qərb” elmi mərkəzinin direktoru, ABŞ Merliend Universitetinin professoru, akademik Roald Saqdeevin rəhbərliyi ilə Çilinin müxtəlif elmi müəssisələrindən olan nümayəndə heyəti N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında (ŞAR) olub.
Bu barədə rəsədxanadan məlumat verilib. Bildirilib ki, ilk öncə qonaqlar rəsədxananın infrastrukturu və fəaliyyət istiqamətləri ilə yaxından tanış olublar. Onlara ŞAR-da 2 metrlik teleskop, onun iş prinsipi və teleskopda aparılan elmi tədqiqat işləri barədə geniş məlumat verilib.
Sonra Bernardo O Higgins Universitetinin (Çili, Santyaqo) rektoru Klaudio Alberto Ruff Eskobar və Şamaxı Astrofizika Rəsədxanasının baş direktoru Namiq Cəlilov iki müəssisə arasında elmi əməkdaşlığa dair müqavilə imzalayıblar. Müqaviləyə əsasən Bernardo O Higgins Universitetinin Astronomiya Tədqiqat Mərkəzi ilə təcrübə mübadiləsi və elmi tədqiqatlar həyata keçiriləcək.