RUMINİYA VƏ BOLQARISTAN MEDİASI PREZİDENT İLHAM ƏLİYEVİN SERBİYA SƏFƏRİNİ GENİŞ İŞIQLANDIRIB

Azərbaycan Prezidenti İlham Əliyevin Serbiyaya işgüzar səfəri, iştirak etdiyi tədbirlər və keçirdiyi görüşlər Rumıniya və Bolqarıstan KİV-lərinin diqqət mərkəzində olub.

Rumıniya və Bolqarıstan mediası Prezident İlham Əliyevin Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimində söylədiyi fikirlərə geniş yer verib.

Rumıniyanın AGERPRES milli xəbər agentliyi, Adevarul, Digi 24 nəşri, Bolqarıstanın BTA milli xəbər agentliyi, Cross.bg, Şum.bg, 24 chasa, news.bg, plovdiv24.bg, pronews.bg xəbər portallarının, Vesti.bg televiziya kanalının yaydığı materiallarda Prezident İlham Əliyevin mərasimi dostluq və strateji tərəfdaşlığın sübutu adlandırdığı, qaz interkonnektorunun Serbiya və Bolqarıstanın, eləcə də Avropanın enerji təhlükəsizliyinə töhfə verəcəyini vurğuladığı qeyd olunub. Bildirilir ki, boru kəməri Azərbaycandan və Xəzər regionundan təbii qazın Mərkəzi Avropa ölkələrinə tranzitinə imkan yaradır. İnterkonnektor sayəsində Serbiyanın Azərbaycandan təbii qaz tədarükünə başlayacağı qeyd olunub. Yazılarda bildirilir ki, boru kəmərinin istifadəsi Serbiyanın enerji təhlükəsizliyini təmin etməklə yanaşı, Şərqi və Mərkəzi Avropa ölkələrinə əlavə təchizat imkanı verəcək. İnterkonnektorun istifadəyə verilməsi həm Serbiya, həm də Avropa İttifaqı üçün strateji əhəmiyyət kəsb edir. Bildirilir ki, Serbiya tərəfinin “Bulgartransgaz” şirkəti ilə imzaladığı saziş çərçivəsində gələn ildən 2026-cı ilədək Azərbaycandan illik 400 milyon kubmetrədək qazın bu ölkəyə tədarükü nəzərdə tutulur. 2027-ci ildən sonra isə bu həcm üç dəfəyə qədər arta bilər.

Bolqarıstanın BTA milli xəbər agentliyi, pronews.bg, Vestnikstroitel.bg, 24 chasa.bg xəbər portalları, BNT televiziya kanalı və digər KİV-lər Azərbaycan Prezidenti İlham Əliyev və Bolqarıstan Prezidenti Rumen Radevlə təkbətək görüşün keçirilməsi barədə məlumat verib. Görüşdə Azərbaycan ilə Bolqarıstan arasında dostluq və strateji tərəfdaşlıq əlaqələrinin müxtəlif sahələrdə inkişafından məmnunluq ifadə edilməsi nəzərə çatdırılıb, Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun açılışının əhəmiyyəti vurğulanıb. Ölkələr arasında ikitərəfli və iqtisadi əlaqələrin qarşılıqlı maraq doğuran bütün vacib mövzuları ətrafında müzakirələr aparılıb. İki ölkə liderinin Solidarity Ring təşəbbüsünün əhəmiyyətinə toxunaraq, bu layihənin Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində əməkdaşlığın genişlənməsi və ölkəmizin Avropanın qaz təchizatının təmin olunması işinə verdiyi töhfə baxımından önəmini bir daha qeyd etdikləri barədə məlumat verilib.

Qeyd edək ki, Serbiyanın Niş və Dimitrovqrad şəhərləri arasında 109 kilometr uzunluğunda yeni qaz kəmərinin tikintisi bir il çəkib. Serbiya-Bolqarıstan interkonnektorunun ümumi uzunluğu isə 170 kilometrdir və Sofiya yaxınlığındakı Novi İskar şəhərinədək davam edir.